“Rusiya iqtisadiyyatı böyük təhlükələr və dalğalarla üzləşəcək” -İQTİSADÇIDAN İLGİNC AÇIQLAMA

“Yaxın perspektivdə Rusiyanı çox ağır iqtisadi durum gözləyir”.

Gununsesi.infobildirir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli “Diqqət mərkəzi” verilişində səsləndirib:

“Amma müharibə başlayandan biz eşidirdik ki, 1 ilə, 2 ilə, uzağı bir neçə müddətdə Rusiya iqtisadiyyatı dözməyəcək. Gəl, indi real rəqəmlərə baxaq.

Real rəqəmlər göstərir ki, Ukraynanın hücumları nəticəsində 18 faiz neft ayırma zavodları sıradan çıxıb. Həcm olaraq, say olaraq yox. Yəni, ehtimal etdikləri neft 18 faiz azalıb.

Rəsmi rəqəmlər göstərir ki, Rusiyanın ümumdaxili məhsul artım tempi 2025-ci ildə kəskin aşağı düşüb. Əvvəlki illərlə müqayisədə xeyli azalma var. İndi son dəqiqləşdirilmiş məlumatlar Rusiya hökumətini gözləyir. Təqribən 1,5 faiz artım gözlənilir. İnflasiya təqribən 8-9 faiz, ərzaq inflasiyası isə 12 faizə yaxındır.

Bunlar mövcuddur. Amma bu o demək deyil ki, məsələn, 5-6 aya, 1 ilə Rusiya iqtisadiyyatı tam iflas edəcək və hamı dizini yerə qoyacaq. Xeyr, elə deyil.

Çünki Rusiya iqtisadiyyatında həddindən artıq çox ehtiyat var. Bu ehtiyatların əriməsi və insanlara verilməsi uzun zaman alacaq. İkincisi, orta və uzun müddətdə, müharibənin hansı formada bitməsindən asılı olmayaraq, əgər Ukrayna müstəqil və suveren bir dövlət kimi mövcud olarsa ki, belə də olacaq qarşıda açılan mənzərəni nəzərə alaq.

Təkcə işğal edilmiş bölgələri bərpa etmək üçün indiki hesablamalara görə 1,6 trilyon dollar vəsait lazım olacaq. Bundan başqa, təxminən 800 min muzdlu ordu döyüşür. Onların aylıq maaşları 205 min rubl təşkil edir. Müharibədən sonra onların işi nə olacaq? Gedib marketdə mühafizəçi işləyəcəklər, ayda 40-50 min rubl?

Nəticədə, Rusiya iqtisadiyyatı indi yox, bir müddət sonra, hətta müharibə bitdikdən sonra böyük təhlükələr və dalğalarla üzləşəcək. Bu, Rusiya iqtisadiyyatını bilən və oradakı ağlı başında alimlər tərəfindən artıq yüksək səslə olmasa da dilə gətirilir”.

 

 

Şəbnəm

Gununsesi.info