“ABŞ və Rusiya Ermənistan üzərindən ciddi bazarlıq aparır” -ŞƏRH

“Cənubi Qafqazda Rusiyanın ən azı 1805-ci ildən formalaşan siyasətinə nəzər salsaq görərik ki, Moskvanın regiondan geri çəkilməsi heç vaxt səbəbsiz və nəticəsiz olmayıb. Hər zaman bu addımlar müəyyən siyasi razılaşmalar və ya geosiyasi dəyişikliklərlə müşayiət olunub”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“2020-ci ildə Azərbaycan Vətən müharibəsində qələbə qazanaraq regionda yeni reallıq formalaşdırdı. Bununla da əvvəlki balans dəyişdi və faktiki olaraq Rusiya ilə hər hansı əlavə bazarlıq imkanları aradan qalxdı. Azərbaycan öz suverenliyini bərpa etdi, əraziləri üzərində tam nəzarəti təmin etdi və sülhməramlı kontingentin mövcudluğuna ehtiyac qalmadığını açıq şəkildə ortaya qoydu. Rəsmi Bakı öz torpaqları üzərində sərəncam vermək hüququnun yalnız özünə məxsus olduğunu nümayiş etdirdi.

Lakin Ermənistan məsələsi fərqli kontekstdə qiymətləndirilməlidir. Ermənistan uzun illərdir Rusiyanın Cənubi Qafqazdakı əsas dayaq nöqtəsi  forpostu kimi çıxış edir. Hazırda isə Ermənistan üzərindən daha geniş geosiyasi qarşıdurma müşahidə olunur. Bu prosesdə ABŞ, Rusiya, İran və Türkiyə faktorları paralel şəkildə rol oynayır.

Ukrayna münaqişəsi fonunda ABŞ və Rusiya arasında mümkün razılaşmalar ehtimalı müzakirə olunur”.

Deputatın fikrincə, əgər belə danışıqlar baş tutarsa və Avropa İttifaqı ilə Ukrayna prosesdən kənarda qalarsa, gündəmə Rusiyanın Ermənistandakı xüsusilə Gümrüdə yerləşən  hərbi bazasının sayının azaldılması və ya ümumiyyətlə ləğvi məsələsi çıxa bilər:

“Lakin bu halda sual yaranır ki, Rusiya bunun müqabilində nə tələb edəcək? Ermənistan Azərbaycan deyil və Moskva bu məsələ ilə bağlı həm İrəvanla, həm də onun arxasında dayanan qüvvələrlə ciddi bazarlıq aparmağa çalışacaq.

Bununla belə, Rusiyanın Ermənistandan asanlıqla imtina edəcəyi ehtimalı yüksək görünmür. Ermənistan Rusiyaya həm Türkiyə, həm də İran sərhədlərinə çıxış baxımından strateji imkanlar yaradır. Bu səbəbdən Moskvanın bu mövqedən könüllü şəkildə geri çəkilməsi üçün xüsusilə ABŞ tərəfindən fövqəladə və ciddi təkliflər irəli sürülməlidir. Mövcud mərhələdə Avropa İttifaqı prosesdə əsas oyunçu kimi görünmür.

Ermənistanda keçiriləcək seçkilərə qədər ABŞ-ın İrəvan üzərindən fəallığını artıracağı gözlənilir. Paralel olaraq, Rusiya da təsir imkanlarını genişləndirməyə çalışacaq.

Beləliklə, əsas məsələ ABŞ və Rusiyanın hansı xəttə qədər gedəcəyi və qarşılıqlı “qırmızı xətləri”nin harada kəsişəcəyidir. Regionun gələcək geosiyasi konfiqurasiyası məhz bu balansdan asılı olacaq”.

 

 

Şəbnəm

Gununsesi.info