Trampın adamları Kiyev və Moskvaya gəlir

  • Müəllif: Orxan
  • 04 Sentyabr 2026 21:34

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndə heyətinin Rusiya və Ukraynaya gözlənilən səfəri ilə bağlı mühüm bəyanat yayıb.

Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə rəsmi teleqram kanalında məlumat paylaşıb.

Dövlət başçısı bildirib ki, ABŞ Prezidentinin komandasından olan Stiv Uitkoff və Cared Kuşner yaxın günlərdə Moskvaya, bazar günü isə Kiyevə gələcəklər.

Səfərə ciddi hazırlıq görüldüyünü vurğulayan Zelenski danışıqların təhlükəsizliyi üçün hava məkanı ilə bağlı şərt irəli sürüb:

“Amerikalı tərəfdaşlarımızın əvvəlki diplomatik səfərlərində olduğu kimi, danışıqlar aparan heyətin təhlükəsiz gəlişini təmin etmək üçün Rusiya hava məkanının normal fəaliyyət göstərməsinə zəmanət verəcəyik. Biz Rusiyanı yox, onları qoruyuruq. Bizim tərəfimizdən heç bir hava zərbəsi olmayacaq. Rusiya da eyni addımı atmalı, bu səfər və logistik məsələlər həll olunana qədər hava zərbələrini dayandırmalıdır”.

Ukrayna lideri əlavə edib ki, əsas məqsəd müharibənin başa çatdırılması üçün real variantlar tapmaqdır:

“Biz Stiv və Caredin hansı təkliflərlə gələcəyini və Moskvada onlara nə cavab veriləcəyini görəcəyik”.