Ağdam rayonunda sınaq imtahanlarının təşkili ilə bağlı müəllimlərin narazılığı yaranıb.
Bu barədə müəllimlər Gununsesi.info -ya müraciət edərək bildiriblər.
Onların sözlərinə görə, Ağdam rayonunda keçirilən qəbul imtahanları üçün suallar Müstəqil Qiymətləndirmə Mərkəzi tərəfindən hazırlanır və çap olunur.
Müəllimlər iddia edirlər ki, Ağdam üçün nəzərdə tutulan imtahan sualları Bərdədən gətirilir.
Şikayətçilər bildirirlər ki, Ağdam və Bərdə ayrı-ayrı rayonlardır. Buna görə də Ağdamda keçirilən imtahan üçün sualların Bərdədən gətirilməsi onlarda sual doğurur.
Müəllimlərin sözlərinə görə, bu məsələ ilə bağlı rayonda fəaliyyət göstərən bütün təhsil işçiləri arasında narazılıq var.
Məsələ ilə Müstəqil Qiymətləndirmə Mərkəzinə sorğu göndərdik.
Mərkəzdən İlqar Ağakişiyev sorğumuza cavab olaraq bildirdi ki, qurum müstəqil MMC kimi fəaliyyət göstərir və keçirdiyi imtahanlar müxtəlif bölgələrdə fəaliyyət göstərən tədris mərkəzləri tərəfindən təşkil olunur:

“Biz müstəqil qurum-MMC olaraq fəaliyyət göstəririk. Keçirdiyimiz sınaq imtahanlarını müxtəlif bölgələrdə fəaliyyət göstərən mərkəzlər alaraq təşkil edirlər.
Bəzi mərkəzlər bu imtahanları bir neçə rayonda keçirirlər. Həmin şəxslər və mərkəzlərlə əvvəlcədən müqavilə bağlanılır. Müqaviləyə əsasən, həmin mərkəzə müəyyən rayonda imtahan keçirmək hüququ verilir. Mərkəzlərlə əvvəlcədən müqavilə bağlanılır və tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən edilir. Bu səbəbdən müqavilə qüvvədə olduğu müddətdə həmin ərazidə başqa mərkəzlə əməkdaşlıq etmək mümkün deyil.
Hazırda həmin mərkəzin fəaliyyətindən narazılıq yoxdur. Onlar öz üzərlərinə düşən işi düzgün yerinə yetirir və imtahanları qaydalara uyğun keçirirlər. Belə olduğu halda bağlanmış müqaviləyə xitam vermək üçün əsas yoxdur.
Bu rayonda artıq həmin mərkəzə imtahan keçirmək hüququ verilib. Hüquqi baxımdan ikinci bir mərkəzlə eyni ərazidə bu məqsədlə əməkdaşlıq etmək mümkün deyil. Çünki mövcud müqaviləyə əsasən mərkəzin qarşı tərəf qarşısında öhdəlikləri var.
Bu səbəbdən tövsiyə edilib ki, imtahan materialları Bərdədə fəaliyyət göstərən tədris mərkəzindən götürülsün.
Ağdamdan bizim mərkəzə heç bir mərkəz müraciət etməyib. Həmçinin heç bir müəllim bununla bağlı müraciət etməyib.
Hətta belə bir müraciət daxil olsaydı belə, mövcud müqavilə şərtlərinə əsasən həmin şəxslər Bərdə hazırlıq kurslarına yönləndiriləcəkdi. Çünki Mərkəzin həmin mərkəz qarşısında belə bir öhdəliyi var.
Mərkəz tamamilə rəsmi fəaliyyət göstərir və hər hansı hüquq pozuntusuna yol vermir. Bağlanmış müqavilələr üzrə öhdəliklər də yerinə yetirilir”.
İlqar Ağakişiyev deyib ki, mərkəz özəl müəssisədir və digər müəssisələr qarşısında da müqavilə ilə müəyyən edilmiş öhdəliklərə uyğun fəaliyyət göstərir:
“Müxtəlif ərazilərdə fəaliyyət göstərən mərkəzlərlə əməkdaşlıq etmək mümkündür. Lakin əvvəlcədən bağlanmış müqavilənin şərtləri pozula bilməz.
Burada əsas məsələ ondan ibarətdir ki, imtahan materiallarının Bərdədə fəaliyyət göstərən mərkəzdən götürülməsində hər hansı qeyri-adi hal yoxdur. Bu, normal əməkdaşlıq qaydasıdır və həmin şəxslər üçün də daha əlverişlidir.
Materialların Bakıdan göndərilməsi əvəzinə Bərdədən götürülməsi daha rahatdır. Bərdə mərkəzi materialları buradan götürərək digər ərazilərə çatdırır.
Tərtər, Bərdə, Yevlax və Ağdamda fəaliyyət göstərən mərkəzlərlə də bu qaydada əməkdaşlıq edilir.
Bir daha qeyd edirik ki, əvvəlcədən bağlanmış müqavilə mövcuddur və həmin müqavilə üzrə müəyyən öhdəliklər var. Bu səbəbdən müqavilənin şərtləri pozula bilməz”.
Şəbnəm Rəhimova











