Məktəb direktoru və şair Elşən Əzim birinci sinif müəllimləri arasında yayılan yeni bir “fason”u tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, Elşən Əzim bildirib ki, bəzi məktəblərdə birinci sinif müəllimləri özləri üçün şarlar, qotazlar, zərli bəzəklər, tort və xonçalarla hazırlanmış böyük stendlər düzəltdirirlər.
Onun sözlərinə görə, həmin stendlərin üzərində “Filankəs müəllimənin birinciləri” ifadəsi yazılır.
Şair-müəllim bu yanaşmanı tənqid edərək bildirib ki, müəllimlərin şagird toplamaq məqsədilə müxtəlif tədbirlər keçirməsi ilə bağlı çoxsaylı nümunələr görüb, lakin bunu “ucuz reklam” hesab edir.
“Elə bil uşaqları dədəsinin evindən gətirib, yaxud inkubatorda özü çıxardıb. Müəllimlərin uşaq yığmaq xatirinə hər cür aşağı səviyyəli həftəbecər tədbirlərini görmüşdüm, belə ucuz reklam görməmişdim”, – deyə Elşən Əzim qeyd edib.
O, stend üzərindəki “Filankəs müəllimənin birinciləri” ifadəsində də bir neçə dil qaydası pozuntusunun olduğunu bildirib.
Elşən Əzimin diqqət çəkdiyi əsas məqamlardan biri “birincilər” sözünün “1-incilər” formasında yazılmasıdır.
O qeyd edib ki, sıra sayları rəqəmlə yazıldıqda rəqəmdən sonra “-ıncı, -inci, -uncu, -üncü” deyil, “-cı, -ci, -cu, -cü” şəkilçiləri işlədilir.
Onun fikrincə, cəm şəkilçisi qəbul etmiş sıra sayları substantivləşdiyi halda hərflə yazılmalıdır.
Elşən Əzim ifadədə “inci” sözünün şagirdlərə yaraşdırılaraq söz oyunu məqsədilə işlədildiyi ehtimalına da toxunub. Bu halda da yazılışda iki səhv olduğunu bildirib: “1” rəqəmindən sonra tire qoyulmamalı və “inci” isim kimi nəzərdə tutulubsa, cəm şəkilçisi qəbul etməməlidir.
O, bunu müəyyən miqdar saylarından sonra gələn isimlərin cəm şəkilçisi qəbul etməməsi ilə əsaslandırıb.
Elmar











