Natiq Cəfərli Azərbaycanda hərbi xidmət sisteminin dəyişdirilməsini təklif etdi

  • Müəllif: Orxan
  • 16 Sentyabr 2026 11:17

İqtisadçı Natiq Cəfərli Gürcüstanda tətbiq olunan hərbi xidmət sistemi barədə fikirlərini bildirib və Azərbaycanda ordu islahatlarının dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli qeyd edib ki, bir neçə il əvvəl Gürcüstanda Türkiyənin iştirakı və məsləhətləri ilə ordu sisteminin yenidən qurulmasına başlanılıb.

Onun sözlərinə görə, Türkiyəli mütəxəssislər NATO proqramları çərçivəsində Gürcüstan ordusunda yeni qaydaların tətbiqinə cəlb olunublar.

Cəfərli bildirib ki, Gürcüstanda hərbi xidmətə çağırış yaşı 18-27 yaş aralığında müəyyənləşdirilib və vətəndaşlara xidməti təxirə salmaq imkanı verilib.

Onun iddiasına görə, bunun üçün rüşvət və ya ödəniş tələb olunmur və vətəndaş yazılı müraciətlə xidmətə növbəti il getmək barədə öhdəlik götürə bilər.

İqtisadçı Gürcüstanda hərbi xidmətin üç istiqamətə bölündüyünü yazıb:

1)Döyüş hazırlığı bölmələrində – 6 ay;

2)Digər nazirlik və qurumlarda, o cümlədən Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar strukturlarında – 8 ay;

3)Mütəxəssis və ya kiçik rütbəli komandir kimi – 12 ay.

Cəfərlinin yazdığına görə, hərbi qulluqçular xidmət müddətindən asılı olaraq aylıq ödəniş alırlar. 6 ay xidmət edənlər üçün bu məbləğin 530 lari, 8 ay xidmət edənlər üçün 600 lari, 12 ay xidmət edənlər üçün isə 1275-1530 lari olduğu qeyd edilir. Könüllü şəkildə hərbi xidmətə müraciət edənlərə ödənişin 30 faiz artırıldığı da bildirilib.

Fikirlərində o, hərbi xidmətin sosial və məişət şərtlərinə də toxunulub.

Cəfərli yazıb ki, əsgərlər evlərindən 50 kilometrədək məsafədə xidmət edir, həftədə beş gün hərbi hissədə olurlar və şənbə-bazar günləri evlərinə gedə bilirlər.

Onun sözlərinə görə, xidmətdənkənar vaxtlarda mobil telefon və internetdən istifadəyə də məhdudiyyət qoyulmur.

Cəfərli həmçinin hərbi qulluqçuların 10 günlük məzuniyyət hüququnun olduğunu, onların iş yerlərinin xidmət müddətində saxlanıldığını və bəzi işəgötürənlərin əlavə bonuslar verdiyini qeyd edib.

Onun paylaşımına əsasən, Gürcüstanda əsgərlər 4-8 nəfərlik “hostel” tipli yaşayış yerlərində qalır, qidalanma isə tender yolu ilə seçilən kənar şirkətlər tərəfindən təmin edilir.

Natiq Cəfərli vurğulayıb ki, Gürcüstan bu sistemə ərazilərinin bir hissəsinin işğal altında olduğu dövrdə keçib.

O, Azərbaycanda da hərbi xidmət sisteminin daha da təkmilləşdirilməsinin mümkün olduğunu bildirib. Cəfərlinin fikrincə, çağırış sistemi Gürcüstandakı modelə bənzər şəkildə qurula, əsgərlərin evlərinə yaxın xidmət etməsi və müəyyən maddi təminat alması kimi məsələlər nəzərdən keçirilə bilər.

“Bizim Qəhrəman Ordumuz artıq Türkiyə (NATO) standartlarını mənimsəyib, amma məişəti, əsgərə münasibət hələ də sovetdən qalıb”, – deyə Natiq Cəfərli qeyd edib.

Elmar

Gununsesi.info