“Sənədsiz torpaqları sənədli kimi təqdim edərək vətəndaşlara satan şəxslərə qarşı hüquqi tədbirlər görülməlidir”.
Bunu Mövzu ilə bağlı Gununesi.info-ya danışan əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli qeyd edib:

“Mən vətəndaşlara üç əsas tövsiyə verərdim:
- Torpaq almamışdan əvvəl onun sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestrindən yoxlasınlar.
- Satıcının sənədlərinin doğru olub-olmadığını və torpağı satmaq hüququnun olub-olmadığını araşdırsınlar.
- Həmin torpaqda ev tikməyin mümkün olub-olmadığını aidiyyəti qurumlardan öyrənsinlər.
Yalnız bələdiyyə arayışına, əl yazısı ilə bağlanmış müqaviləyə, etibarnaməyə və ya kommunal xidmət sənədlərinə inanaraq böyük məbləğdə pul ödəmək düzgün deyil.
Məncə, sənədsiz torpaqda ev tikmək gələcəkdə ciddi problemlər yarada bilər. Vətəndaş bəzən 20-30 il işləyib topladığı pulu ev tikməyə xərcləyir. Amma sonradan həmin evin sənədləşdirilməsində çətinliklə üzləşə bilər.
Dövlətin vəzifəsi yalnız qanunsuz tikililəri aşkar etmək deyil. Vətəndaşların mülkiyyət hüquqlarını qorumaq və əmlak alqı-satqısında şəffaflığı təmin etmək də dövlətin məsuliyyətidir.
Bir məsələ də aydındır: sosial ehtiyac torpağı qanunsuz zəbt etməyə əsas vermir. Eyni zamanda, əvvəlki illərdə sənədləşmə ilə bağlı yaranmış problemlərə görə qanuni əsası olan vətəndaşların hüquqları da pozulmamalıdır”.
Ekspertin fikrincə, bütün sənədsiz torpaqlara eyni cür yanaşmaq düzgün deyil:
“Hər bir torpağın necə əldə edildiyi, hansı məqsədlə ayrıldığı və hazırda necə istifadə olunduğu ayrıca araşdırılmalıdır.
Çünki ev tikmək insanın yaşayış ehtiyacıdır. Ancaq həmin evin qanuni şəkildə sənədləşdirilməsi də vacibdir. Vətəndaş tikdiyi evin gələcəkdə öz adına rəsmiləşdiriləcəyinə əmin olmalıdır.
Əsas məqsəd qanunsuz torpaq zəbtinin və tikintinin qarşısını almaq, eyni zamanda, torpaq üzərində qanuni hüququ olan vətəndaşların sənəd almasını çətinləşdirməməkdir”.
Günay Mahirqızı












