Bir dindar xanım jurnalist var. Bir müddət qabaq facebookda yazdı ki, müəllim bacım qızının gündəliyinə iki qiymət yazıb. Səbəb də bu olub ki, uşaq dərsdə mərsiyə oxuyub. Müəllimin hərəkətini ən böyük qəbahət kimi diqqətə çatdıran jurnalist xanım paylaşımında belə bir sual da qoymuşdu. Bilmirəm, ağlayım, yoxsa gülüm?-deyə. Mən ona yazdım ki, ağlamaq lazımdır gözəl xanım. Bir uşaq əgər coğrafiya dərsində mərsiyə oxuyursa, buna mütləq və mütləq ağlamaq lazımdır. Çünki, dünyanın heş bir qitəsində, heç bir materikdə belə analogiyaya rast gələ bilməzsən. Ki, məktəbli coğrafiya dərsində tutaq ki, Marian çökəkliyi, nə bilim Callenger uçurumu haqqında oxumaqdansa, mərsiyə oxuyur,“ya Hüseyn, vay Hüseyn” deyib ağlaşma qurur?! Sanki məktəblə yas çadırını səhv salıbmış kimi.
Rəylərdə ünvanıma yazılanları incələməyəcəm. Sözə dözümlü münasibət olmayan cəmiyyətdə yaşayırıq, bu məlum. Ən adi şeyə insanlar qıcıq olurlar, o ki qaldı dini müstəvidə nəsə yazasan? O saat səni ağ yuyub, qara sərirlər. Tənqid eləsələr kimə nə dərd? Təhqir təhqir üstündə gəlir. Baş qoşsan gərək dindən-imandan çıxasan. Qısası, onlara cavab vermədim, amma jurnalist həmkarımızın-missiyası bu xalqı, milləti maarifləndirmək olan, dini xurafatı yox, elmi təbliğ etməyi qarşısına məqsəd qoymalı olan gənc xanımın səhifəsindən müəllimin iradı və 2 qiymət yazılan şəkli götürdüm. Nə vaxtsa, yeri düşərsə bu mövzuya qayıdım deyə.
Ağdaşın Ləki qəsəbəsində 12 yaşlı şagirdin intihar xəbəri dərsdə mərsiyə oxuyan məktəbli qızı təkrar yadıma saldı. Nədən? Çünki, hər iki fakt dinlə əlaqəlidir. Hər iki faktda da məktəblilərin dinə pərçim edilməsinin təzahürlərini görürük. Bir məktəblinin coğrafiya dərsində mərsiyə oxuması nə qədər anormaldırsa, başqa bir məktəblinin məktəbdən çıxan kimi məscidə, molla yanına qaçması da o qədər qeyri səciyyəvidir. Bayırda 16-cı əsr deyil, əziz valideynlər. Başa düşürəm, hər kəs istər övladı imanlı, Allahını tanıyan olsun. Amma nə olur, imkan verin bu uşaqlar əvvəlcə hərfləri tanısınlar, səsləri tanısınlar, rəqəmləri tanısınlar, dünyanı tanısınlar, qitələri, materikləri tanısınlar, onları kəşf edənləri tanısınlar. Yazıçıları , şairləri tanısınlar.
“ Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma.
Namaz əhlinə uyma. Onlar ilə durma, oturma.”- yazan Məhəmməd Füzulini tanısınlar. Onları kamil böyütməyə çalışın, seçimi yenə öz ixtiyarına buraxın. Bəlkə doğurdan da o uşaq böyüyüb Füzulini bir heç sayacaq? Bəlkə də əksinə, insanları məscidə girməməyə, namaz qılmamağa çağıran bir şairin əsrlər sonra həm də dindar bir zümrənin necə sevimlisi ola bilməsinin səbəblərihaqqında düşünəcəklər? Qoy ən sonunda yenə də dinini, Allahını, Peyğəmbərini tanıyan olsunlar. Namaz da qılsınlar, məscidə də getsinlər, amma bunu kamil yaşda eləsinlər, ağzından süd iyi gələn yaşda deyil.
Hərçənd bəzən kamil yaşda olanlarımız elə quş buraxırlar ki, ağzından süd iyi gələnlər heç bunu etməz. Məsələn Qubanın keçmiş icra başçısı Yaşar Məmmədov kimi. Adamı iki gün əvvəl vəzifəsindən azad ediblər. Jurnalistlər zəng edib soruşublar ki, nə məsələdir. Deyirlər ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bibisi oğlusan deyə çıxardıblar səni? Bəs Ziya müəllim nə dedi bu məsələyə? 7 il icra başçısı kürsüsündə oturan adamın cavabını eşidəndə dodağın qaçmır ey, ayağının altından yer qaçır. Buyurun o cavabı eşidin. Sitat. “ Bəli, Ziya Məmmədovun özü mənə zəng vurdu və bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa “fikir” söyləyərsən? Çaşarsan ha birdən… Məni bu məsələdə diqqətli olmağa çağırdı.” Statın sonu. Təsəvvür edin, belə ağılın və ağızın sahibi 7 il ərzində iki müxtəlif rayona başçılıq edib, uzun illər polis rəisi olub.
Ağzı yağlı olanların dili bağlı olur” deyə bir atalar sözü var. Bilmirəm bizim atalar deyib, ya başqa millətin ataları, amma əminəm bizim haqqımızda deyilib. Məncə ağzı yağlıların dili bağlı olsa yaxşıdır. Heç olmasa çaşmazlar.
Yazıq bu millətin halına. Yazıq boynuna kəndir salan 12 yaşlı o uşağa. Yazıq coğrafiya dərsində mərsiyə oxuyan qızımıza.
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist
Gununsesi.info