NATO Rusiya ilə sərhəddə yeni hərbi briqada yaradır

  • Müəllif: Günel
  • 21 Avqust 2025 19:53

Norveç hökuməti ölkənin şimal-şərqində, Rusiya ilə həmsərhəd Finmark bölgəsində yeni hərbi briqada yaradıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi rəsmi bəyanat yayıb.

“Finmark briqadasının yaradılması dünyada getdikcə daha qeyri-müəyyən və riskli hala gələn təhlükəsizlik vəziyyətinə cavab olaraq atılmış vacib addımdır. Məqsəd bizə qarşı niyyətləri yaxşı olmayan qüvvələri qabaqlamaqdır”, – deyə Norveçin müdafiə naziri Tore Sandvik bildirib.

Müdafiə Nazirliyinin açıqlamasına görə, bu, Norveçdə 1982-ci ildən bəri yaradılan ilk yeni briqadadır. Hazırda Norveç ordusunda iki əsas briqada fəaliyyət göstərir, üçüncüsünün isə yaxın vaxtlarda yaradılması planlaşdırılır.

Qeyd edək ki, bu addım ABŞ-nin Norveçdəki hərbi mövcudiyyətini artırdığı bir dövrə təsadüf edir. Avqustun 12-də ABŞ Prezidenti Donald Tramp Ørland aviabazasına (Rusiya sərhəddinə yaxın ərazi) üç ədəd B-1B Lancer strateji bombardmançı təyyarəsi yerləşdirmək qərarına gəlib. Bu təyyarələrin NATO və Avropadakı müttəfiqlərlə birgə keçirilən hərbi təlimlər çərçivəsində bir neçə missiyanı yerinə yetirəcəyi bildirilir.

Müşahidəçilər Norveçin bu addımını və ABŞ-nin bölgədə artan hərbi aktivliyini Rusiya ilə Qərb arasında gərginlik fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi dəyərləndirirlər.

Gununsesi.info