Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana rəsmi səfərini başa vurduqdan sonra Azərbaycana da gəldi.
Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı.
Bu, hər iki dövlətin yaxınlaşması hesab olunsa da, ortada sual doğuran bir məsələ də var.
Belə ki, ABŞ uzun müddətdir, Azərbaycana səfir təyin etmir və bu da ictimai-siyasi sferada müzakirələrə səbəb olur.
Maraqlıdır, imzalanan tarixi sənəddən sonra səfir təyin etmək məsələsi aktuallaşacaqmı?
Ümumiyyətlə, ABŞ Azərbaycana səfir təyin edəcəkmi?
Gununsesi.info-ya danışan Fazil Mustafa bildirir ki, səfirin təyin olunmamasına texniki məsələ kimi baxmaq lazımdır:
“Məncə, bu məsələdə texniki problem var. ABŞ və Azərbaycan arasında hətta üç-dörd il bundan əvvəlki gərginlik yoxdur. Ona görə də bu məsələyə texniki məsələ kimi baxılmalıdır və yəqin ki, bununla bağlı hazırda müzakirələr gedir. Səfir təyin edilməsi təkcə Adminstrasiyadan asılı deyil, müəyyən dərəcədə Konqresində razılığı rol oynayır. Ümid edirəm ki, yaxın zamanlarda həll olacaq. Münasibətlərimiz də elə bir səviyyədədir ki, təyinatın gecikməsi Amerika üçün də arzuolunan deyil. Onlar da maraqlıdırlar ki, məsələ tezliklə yekunlaşsın”, – deyə o bildirib.
Orxan












