Asiyanın ən zəngin adamı oğlunun toyundan əvvəl məclis qurdu: Zukerberq və Bill Qeyts hind geyimində – FOTO

  • By admin
  • 05 Mart 2024 12:00

Asiyanın ən varlı adamı Mukeş Ambaninin oğlu üçün təşkil etdiyi toy öncəsi görüntüləri və dəvət edilən qonaqları dünya mətbuatının gündəmi olub.

Gununsesi.info xəbər verir ki, Bill Qeyts və Mark Zukerberq Qucarat ştatında keçirilən üç günlük tədbirə qatılan 1200 qonaq arasında olub.

Pop ulduzu Rihanna da bu gecədə Hindistanda ilk çıxışını edib.

Barbadoslu müğənninin bu ifasına görə 7 milyon dollar aldığı deyilir. BBC bu xəbəri təsdiq edə bilməyib.

Qeyd edilir ki, Mukeş Ambaninin oğlu Anant iyulda Radhika Merchant ilə evlənəcək.

Hindistanın ən böyük kino ulduzlarından bəziləri də ardıcıl bu tədbirlərdə çıxış ediblər.

Tədbirlərin keçirildiyi Camnaqar hava limanına dünyanın hər yerindən gələn iştirakçılar səbəbindən müvəqqəti olaraq beynəlxalq hava limanı statusu verilib. Pasport yoxlaması üçün məmurlar gətirilib.

Aeroport rəsmiləri hadisə üçün təxminən 130 təyyarənin eniş etdiyini qeyd edib.

Qonaqların əksəriyyəti tədbir keçirilən yerlərin yaxınlığındakı dəbdəbəli çadırlarda qalıb.

Bu qonaqlara dünyanın müxtəlif yerlərindən gələn aşpazların hazırladığı 500-dən çox yemək variantı təklif olunub.

Bərbərlər, stilistlər və vizajistlər də onlara hind paltarı geyinməyə köməklik göstəriblər.

Donald Trampın qızı İvanka və kürəkəni Cared Kuşner də qonaqlar arasında olub.

Qeyd edək ki, “Forbes”in milyarderlər siyahısına görə, 66 yaşlı Mukeş Ambani 116 milyard dollarlıq sərvətlə dünyanın 10-cu ən varlı adamıdır.

Onun təsis etdiyi “Reliance Industries” bazar dəyərinə görə Hindistanın ən böyük şirkətidir.

Ambani ailəsindən miras aldığı neft, qaz və neft-kimya məhsulları şirkətini pərakəndə satış və telekommunikasiya sahəsində sərmayələrlə genişləndirib.

Ambaninin ailəsi üçün tikdirdiyi 27 mərtəbəli Antilla adlı göydələnin bir milyard dollara başa gəldiyi bildirilir. Hindistanın mühüm binalarından birinə çevrilmiş iqamətgahda 600 qulluqçu çalışır.

Bununla belə, bu struktur həm də ona görə tənqid olunub ki, o, Hindistanın elit təbəqəsi ilə aşağı gəlirlilər arasındakı geniş uçurumu açıq şəkildə göstərir.

2018-ci ildə Ambani qızı üçün Hindistan tarixinin ən bahalı toyunu təşkil edib. 100 milyon dollara başa gəldiyi iddia edilən bu toyda müğənni Beyons səhnəyə çıxıb.

Toyqabağı məclisdə Disney rəhbəri Bob İger də iştirak edib.

Ambaniyə məxsus “Reliance Industries” və “Walt Disney” arasında əməkdaşlıq nəticəsində dünyanın ən sıx məskunlaşdığı ölkədə 8,5 milyard dollar dəyərində əyləncə nəhəngi yaradılması planlaşdırılır.

Gununsesi.info