Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan olundu

  • By admin
  • 20 Oktyabr 2022 10:31

Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan olunub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müraciət edib.

Müraciətdə deyilir ki, Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması dövlət uşaq siyasətinin ayrılmaz tərkib hissəsi və başlıca prinsipləridir.

Xatırlanıb ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir: “Bu il həmin Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Uşaq hüquqları haqqında Konvensiyanın implementasiyası və BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən dövlətin dövri məruzələri üzrə verilmiş tövsiyələrin icrası məqsədilə ölkədə normativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, uşaqların müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilib”.

Məlumatda bildirilib ki, ölkədə uşaq hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin öyrənilməsi və pozulmuş hüquqların bərpası Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu baxımdan, Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.

Vurğulanıb ki, aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır: “Aylıq çərçivəsində dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, müvafiq qurumlar tərəfindən uşaq hüquqlarına dair dəyirmi masalar, treninq və seminarlar, kampaniyalar, sərgi və müsabiqələr keçirilir, araşdırmalar aparılır və digər tədbirlər təşkil edilir”.

Ombudsman qeyd olunanları nəzərə alaraq, bütün aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı”na qoşulmağa dəvət edib və aylıq çərçivəsində uşaq hüquqları, xüsusilə uşaqlarla rəftar, davranış qaydalarına dair hüquqi maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsinə, bu sahədə araşdırmaların aparılmasına çağırıb.

S.Əliyeva səyləri birləşdirməklə ölkədə uşaqların müdafiəsi və inkişafına, onların hüquqlarının təmininə töhfə verəcəyinə inandığını bildirib.

Gununsesi.info