Azərbaycanla həmsərhəd ölkələr bir il öncə quru sərhədlərini açıb - BİZİM HÖKUMƏT NƏYİ GÖZLƏYİR?

  • By admin
  • 13 İyun 2022 21:16

Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb. Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır.

Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir. Son illərdə yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub.

Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatımlı deyil.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 2020-ci ilin martından ölkənin quru sərhədləri bağlıdır.

Ekspertlərin firkincə, bu münasibət insanların hərəkət azadlığına ziddir və ölkədə koronavirusa yoluxma halları 10-20 nəfər arasındadırsa sərhədlərdə xüsusi karantin rejimi tətbiq edilə bilməz.

İqtisadçı ekspert Nazim Bəydəmirli Amerikanın Səsinə bildirib ki, Azərbaycanla həmsərhəd ölkələr bir il öncə quru sərhədlərini açıb.

“Rusiyanın Gürcüstanla sərhədləri də ötən ildən açılıb. Avropa Birliyi ölkələrində də pandemiya ilə bağlı bağlanan sərhədlər tez bir zamanda açıldı. Bu mənada Azərbaycan vətəndaşlarının öz ölkəsinə quru yolu ilə gedib-gəlməsinin qarşısının alınması şox təəccüblü qarşılanır. Xaricdə, o cümlədən Gürcüstanda, Rusiyada yaşayan soydaşlarımız və vətəndaşlarımız ailələri ilə birgə ölkəsinə gəlib-gedir. Azbüdcəli ailələr təyyarə ilə bahalı biletləri ala bilmir. Eyni zamanda, sərhədyanı ticarətlə məşğul olanlar da quru sərhədlərinin bağlı olmasından ciddi itkilərə məruz qalır”.

O, insanların quru sərhədlərinin açılmasını 2021-ci ildə gözlədiyini deyib.

“İnsanlar koronovirusa qarşı peyvənd olunub və bu sahədə ciddi səngimələr mövcuddur. Amma görünən odur ki, Azərbaycan hökuməti hesabatlı olmadığına, vətəndaşların qarşısında məsuliyyət hiss etmədiyinə görə, vətəndaşların problemlərini heçə saydığına görə belə addımlar atır. Xüsusən də dövlət şirkətlərinin, AZAL kimi dövlət şirkətinin zərərlə işləməsi, başqa ölkələrin aviaşirkətlərinə nidbətən daha yüksək qiymətlə biletlər təklif etməsi Azərbaycan vətəndaşlarına hörmətsizlikdir”.

 

Gununsesi.info