Bayramov: Münaqişənin həllinə ən çox dəstək verəcək qurum Avropa İttifaqıdır

  • By admin
  • 09 Aprel 2022 11:36

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən görüş Avropanın regionda təsir imkanlarının və nüfuzunun daha artmasından xəbər verir. Son Brüssel görüşü də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir”. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər: “Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir.

Qərəzsiz və bitərəf mövqe nümayiş etdirməyə çalışan Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olmaqla yanaşı, eyni zamanda son illər təsir dairlərini daha genişləndirməkdədir. Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın geclənməsinə önəm verir. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir. Etiraf etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsini Cənubi Qafqaz regionunda sülh və stabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son görüşün nəticələri regionda artıq yeni düzənin formalaşmasından və onun dərinləşəcəyindən xəbər verir. Qonşuluqda stabillik Avropada da sülhün dayanıqlığı baxımdan çox vacibdir. Rusiya-Ukrayna müharibəsi bu reallığı bir daha təsdiq etdi”.

Gununsesi.info