Deputat: “Ermənilər Ağdaban qətliamını törətməklə Kəlbəcər əhalisinin gözünü qorxutmaq istəyirdilər”

  • By admin
  • 09 Aprel 2022 11:19

“1992-ci il aprel ayının 7-8-də Kəlbəcər rayonunun girişində yerləşən Ağdaban kəndinə ermənilər hücum etmiş, kənd sakinlərini yandırmış, kəndin evlərini talan qoymuş və qadınları, uşaqları amansızcasına qətlə yetiriblər”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Ermənilər hətta kənd sakinlərinin cəsədlərinə qarşı təhqirlər və təcavüzlər etmiş, onların cəsədlərini vəhşicəsinə məhv etməyə çalışıblar. Onlar Ağdaban faciəsini törətməklə onlar Kəlbəcərə gedən yolu kəsmək və Kəlbəcər camaatının gözünü qorxutmaq, Kəlbəcəri işğal etməyə bir hazırlıq kimi planlaşdırmışdılar. Çox təəssüflər olsun ki, bu hadisələrdən sonra onlar yenidən bu kəndə hücum edərək, ümumilikdə Kəlbəcəri işğal edə bilmişdilər”.

“Bu faciə baş verdikdən sonra sağ qalmış kənd sakinləri yenidən kəndə qayıdaraq həyatı bərpa edə bilmişdilər” – deyə, deputat əlavə edib:

“Ancaq təəssüflər olsun ki, o kənddə 1 ilə qədər yaşaya biliblər. 44 günlük Vətən Müharibəsindən sonra bizim bütün torpaqlar işğaldan azad olundu. Şükürlər olsun ki, biz Kəlbəcəri, Ağdabanı işğaldan azad edə bilmişik. Ermənilər illər ərzində işğal altında saxladıqları ərazilərimizi viran qoysalar da azad olunandan sonra bizim dövlətimiz, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün kənd, rayon və şəhərlərdə olduğu kimi Ağdaban da öz görkəminə qayıdacaq. Keçmiş məcburi köçkünlərimiz tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar. Bu gün Dədə Şəmşirin ruhu şaddır, çünki torpaqlarımız işğaldan azad olunub”.

Gununsesi.info