“Bibiheybətin gözəlliyinə valeh oldum, indi isə Şuşaya, Kəlbəcərə, Laçına tələsirəm…”

  • By admin
  • 28 Dekabr 2020 23:29
Hər səfər ömür dəftərimizə yazılan daha bir xatirədir…
Və ən gözəl səfərlərimi dünyanın mədəniyyət mərkəzi hesab olunan şəhərlərdə, ölkələrdə deyil, elə öz vətənimin ən kiçik guşələrində keçirdiyim günləri, saatları hesab edirəm…
 O səfərlər ki, hər dəfəsində bir ürək qürurla yanaşı, bir qucaq da xatirəylə dönürəm öz ömrümə… Elə gözəldi vətənim Azərbaycan! Onun bu gözəlliyini görmək, tarixin yaddaş qayalarından süzülüb gələn dumduru hekayəsini kiçik bir daşdan, iki qarış torpaqdan dinləmək də gözəldir…
 Bu gün də dünyanın yaddaşına öz adını  məğrurluqla yazır Azərbaycanım! O dünyanın ki, həmişə xatirəsinin ən uzaq küncündən də Odlar Yurdunun isti, doğma nəfəsini duymaq olur…
 “Bütün yollar Romaya aparır”-deyə qədim bir deyim var, amma tarixin o dönəmində belə şərqdən Romaya gedən bütün yollar Odlar Yurdunun bağrından keçmirdimi?! İndi Bakımızın inkişafını, gündən-günə Xəzərdə öz əksinə baxıb işvələnən göydələnləri gördükcə  ürəyimiz açılır, fərəhlənirik. Və bu inkişaf özünü  ölkəmizin ən kiçik kəndlərində, ən ucqar guşələrində də göstərir.
 Hamımız bu inkişafın, bu tərəqqinin müəllifinin Cənab Prezidentimiz İlham Əliyev olduğunu bilirik və eyni zamanda, bu  uğurdan hər bir azərbaycanlıya da pay düşür. Nə gözəldi, gözəlləşən, çiçəklənən ölkəmizin uğurlarında bir nəfəs də olsa, öz payının olduğunu bilmək…
 Bu yaxınlarda Bakının Balaxanı kəndində oldum; orda gördüklərim bir az  duyğuların ənginliyində azdırdı məni…Bir az da xəyalən gəzdiyim, gördüyüm Avropa şəhərlərini xatırladım. Nə gizlədim, müasirliyində milliliyimizin izlərini tapdığım Balaxanıdakı gözoxşayan abadlıq daha gözəl gülümsətdi məni…
 Bibiheybət kəndinə isə iki dəfə səfər etdim… Bu kənddə, sanki, dünyanın reallığından qopub, xəyali, mistik bir aləmə düşürsən. Özü də o mistik aləm keçmişdən boylanır, amma bütün düşüncə pəncərələrini gələcəyin üzünə ehtiramla açır. Bu gün də gəldim ki, sakinlərlə ünsiyyətdə olum, onların təəsüratlarını, fikirlərini öyrənim.
 Məni çox yaxşı qarşıladılar. Bibiheybətin sakinləri çox mehriban, gülərüz və qonaqpərvərdilər. Kəndə girər-girməz yenidən özümü Avropanın hansısa kiçik bir şəhərçiyində hiss etdim.
 Burda abadlaşdırma işləri hələ yekunlaşmayıb. Lakin ürəklə “gözəllik gördüm”-ifadəsini işlətməkdə gecikmək olmaz. Bibiheybət görkəmini dəyişir. Gözəlləşir, abadlaşır. Öz yurdumun, Azərbaycanımın hər uğuruna, hər gözəlliyinə gecikmək elə özüm olmağa gecikmək olardı mənimçün…
Bəlkə də, elə ona görə tələsirəm yurdumun hər qarışına ayaq basmağa, hər daşının, qayasının tarixini öyrənməyə… Bibiheybətdə XIII əsrə aid olan məscidi ziyarət etmək, üstəlik, buranın “Xurşudbanu Natəvana övlad bəxş edən ziyarətgah” kimi məhşurlaşmasını eşitmək, bir anda tarixin bütün çalarlarına seyrə çıxmaq idi mənimçün. Həzrəti Peyğəmbər nəslindən olan Əhli-Beyt məzarlarının sayına görə Bibiheybət ziyarətgahının bu qəbildən siyahıda üçüncü məkan olması da burda bir ayrı cür mübhəm duyğuların çulğalamasına gətirib çıxarır. Sanki burdakı o inamın ağuşuna atmaq istəyirsən bütün ilahi düşüncələrini…
 Bibiheybət ziyarətgahı insanların ümid, pənah yeri olan müqəddəs məkanlardan biridir. Sovet dövründə rejimin dinə olan düşmən münasibətinin nəticəsi olaraq Bibiheybət dagıdılmış, on illər boyu baxımsız vəziyyətdə qalmışdı. Və elə bu an yanından öz topuyla oynayan bir uşaq keçir, qulağına uzaqdan tar səsi gəlir…
 Bir də başını qaldırırsan ki,  ətrafını əsl Bakı kəndinin abu-havası sarıb; kimsə skamyaya söykənib qəzet oxuyur, bir az o yanda iki nəfər nərd oynayır, evlərin birinin pəncərəsindən üzüm doşabının ətri yayılır, o birindən bir nənənin çəkdiyi bayatı eşidilir:   …Əzizinəm, Qarabağ… Gülümsəyirəm…Qəfildən fərqinə varıram ki, indiyədək bu bayatını eşidəndə ürəyimdən bir sızıltı, bir nisgil qalxırdı, indi isə sanki “Cəngi” dinləyirmişəm kimi qanım coşur…
 Baxışlarımı hərləyib Bibiheybət dağını görürəm, yadıma Xəznə qayası düşür… Binaların damları arasından dənizin mavi-boz rəngi göyün lacivərdliyinə  naz edirmiş kimi görünür, Arazı xatırlayıram… Balaca küçələri ilə gəzmək adama böyük zövq verir və onu keçmişə aparır. Küçədə suvenir arabaları da gördüm. Hələ işləmirdilər, amma demək olar ki, tezliklə fəaliyyətə başlayıb, kəndə gələn qonaqları səbirsizliklə qarşılayacaqlar. Bundan sonra abadlaşmış həyətlər, rənglənmiş qapı, pəncərələr, divarlarda dibçəklər, güllər, rəsmlər…
 Bunların hamısı bu kənddə idi. Bəli, bəli. Bibiheybətdə. Əsas odur ki, Bibiheybət sakinləri bu dəyişiklərdən razı qalslnlar, onların həyat şəraiti yaxşılaşsın, rahat yaşasınlar. Həm öz vətəndaşlarımızın həm də turistlərin gözləri gözəllik görsün. Yenə gülümsəyirəm…
 Bu məğrurluğun, bu doğmalığın üzümə çilədiyi təbəssümdə Şuşaya, Kəlbəcərə, Laçına, Ağdama tələsirəm… İllərdir düşmən tapdağıyla ovuc-ovuc daş yığınına dönən evlərimizin tezliklə abadlaşacağına, ocağımızın o yerlərdə daha da gur yanacağına olan ümidimdən tutub Bibiheybət kəndini bir də dolaşıram. Bir də nə vaxt bura gələcəyim haqqında kəndə söz vermək istəyirəm, amma susuram… Çünki, qarşıda məni daha çox səfər gözləyir…Bu dəfə üzü Qarabağa…
Leyla Turan
Gununsesi.info