Bizim qızların günü -KÖŞƏ

  • By admin
  • 11 Oktyabr 2016 17:36

leman

11 Oktyabrın  Qızlar Günü olduğunu ilk dəfə bu gün eşitdim.

Açığı maraqlı gəldi mənə bu təqvim. Bəlkə də  evimizdə qız böyüdürük, ondandı. Bəlkə də özümüz də  bir Kişinin qızıyıq, o səbəbdəndir. Hər halda Googl-da axtarış verdim ki, niyə məhz 11 oktyabrı qızlara bağışlayıblar?  Məlum oldu ki, BMT Baş Assambleyasının başının altından çıxıb bu günü qızlar günü kimi tanıtmaq. Məqsəd də diqqəti qızların hüquqlrının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir . Olsun.

Azərbaycanda qız doğulmaq asan məsələ deyil. Biz hər halımızla adət ənənələrə, mentalitetə bağlı ölkədə dünyayagöz açmışıq. Uşaqlıqdan qadağalarla böyümüşük,nə olar, nə olmazı qulağımızdan sırğa etmişik. “Olmaz” paketinin içində o qədər tələblər vardı ki! Xüsusilə də yeniyetməliyə qədəm qoyduğumuz yaşda. Məsələn, yadımdan heç çıxmaz. 12-13 yaşımda olanda anam mənim və məndən bir yaş böyük bacımın az qala gözünə ağ salırdı ki, çox dik gəzməyin, ayıbdır. Bükülüb gəzməkdən az qala yumağa dönən biz sonra da “donqa olacaqsız, belinizi düz tutun,  sizi alan olmayacaq  ”tənələri ilə üz-üzə qalmışdıq. Yadımdadır, o vaxt  yazıçı-jurnalist Nurəddin Babayevin “Qızlar, sözüm sizədir “, “Qızlar söz istəyir”kitabları çox  populyarlıq qazanmışdı. Hər iki kitabdan bizim evdə vardı. Xüsusilə gənclərə öyüd-nəsihət verən, əxlaqi dəyərləri təbliğ edən bu kitabı mən-13 yaşlı qız sərbəst oxumaq iqtirdarında deyildim. Çünki, o kitablarda  həm də  xüsusilə ilk məhəbbəti daşa dəyən qızların sevgi məktubları dərc olunmuşdu ki, onları oxumaq qırmızı xətti keçmək kimi bir şeydi. Ehhhhh..Mən Drayzerin “Cenni Herhard”ını, “Dahi”sini demək olar ki, yorğanın altında oxumuşam.”Bakı Dövlət Universitetinin birinci kursunda Nüşabə müəllimin bizə oxumağı tövsiyyə etdiyi kitablar arasında “ Dekameron”un adını eşidəndə xəfifcə yanaqlarımın qızardığını hiss etmişəm.Mən tələbə vaxtı şalvar geyindiyimə görə qardaşımdan ciddi qulaqburması almışam.Əminəm ki, bundan da betəri mənim həmyaşıdlarımın başına gəlib.Bəli, biz Azərbaycan cəmiyyətinin yetişdirdiyi qızlar olmuşuq. Bizim ruhumuz, bizim duyğularımız heç kimi maraqlandırmayıb. Yadımdan heç çıxmaz, məktəbin yuxarı sinfində oxuyanda  babam bir məsələ ilə bağlı üç günlük Bakıya getməli oldu. Əzizbəyov adına kolxozda uzun illər briqadir işləyən babamın o vaxt  100-ə yaxın  şəxsi qoyunu vardı. Babamın Bakı səfəri mən və bacım üçün az qala cəhənnəmə səfər idi. Çünki, 100 baş qoyunu bizə “ siz otarmalısız !” dedilər. Biz  sürünü otardıq, mənim əlimdə “Başsız atlı” kitabı, bacımda hansısa məhəbbət romanı. O vaxt gündəlik yazmış olsaydım, əminəm onun əsasında  müasir dövrün ən oxunaqlı əsərini yazardım. Amma gündəlik yazmaq da bizə düzgün təlqin olunmamışdı. Bir qızın gündəlik yazmağına da “tərs-köndələn” baxırdılar. Nə bilim..

Bu gün Beynəlxalq Qızlar Günündə Azərbaycan qızlarının ictimai statusu, hüquqları haqqında bir az düşünməli oldum. Əvvəl necə idik, indi necəyik? Əlbəttə, çox şey dəyişib. İndi  qardaşlar bacılara şalvara özləri alır. İndi valideynlərin ən böyük arzusu odur ki, təki uşaqları əlinə kitab götürsün. Hətta bu kitab onun yaşına uyğun olmasa da belə. İndi ən ucqar kənddə də yuxarı sinif şagirdi olan qızı qoyun otarmağa göndərmək olmaz. O ən azından “mənim hüquqlarımı pozursuz” demək iqtidarındadır. Əlbəttə, çox şey dəyişib. Amma çox şey də dəyişməyib. Zatən dəyişsəydi o azərbaycanlı qızı, azərbaycanlı qadını olmazdı ki!

Ləman Ələşrəfqızı

(Əməkdar jurnalist)