Çığırtı MMC-nin qurucuları - Saffari yazır…

Bir neçə gün əvvəl Bakının podcast studiyalarından birində insident baş verib.

Belə ki, şiddətə məruz qalmaq istəməyən mikrofonlardan biri özünümüdafiə zəmnində Nofəl Şahlaroğlunun üzünə qayıdıb.

Yaranmış mübahisə zamanı mikrofon deyib ki, “ay qardaş, mən onsuz da səsini gücləndirmək üçün icad olunmuşam, day özün də öz qulağının dibində niyə qışqırırsan?”.

Lakin buna baxmayaraq, Nofəl Şahlaroğlu qarşı tərəfi başa düşməyib.

Bu dəfə o, üzünə qayıtmış mikrofona qarşı zəruri müdafiə həddini aşmaqla amansız qışqırıqlar sərgiləyib.

Qeyd edək ki, sözügedən səs-küylü hadisə ilə bağlı ilkin araşdırmalar davam edir.

Ümumiyyətlə, hərdən elə bilirəm, Nofəl Şahlaroğlu ilə Əlibəy Məmmədli qışqırmaq üçün növbəli şəkildə fəaliyyət göstərirlər.

Dərinə getsək, onların şərik olduğu “Çığırtı MMC” adlı şirkəti də var.

Üstəlik, məncə, hər ikisi çığırtma-toyuq yeməyi xoşlayırlar.

Bu iki nəfər arasındakı oxşarlıq budur ki, biri qışqırıb camaatı sözlə danlayır, biri də qışqırıb satirik şeirlərlə ağzını-gözünü əyir.

Nəticə etibarı ilə hər ikisinin səsi adamın başına düşür.

Bu yaxınlarda Nofəl Şahlaroğlunu şəhərdə səssiz-səmirsiz gedəndə gördüm. Ancaq elə bildim, qəfil şəhərin ortasında dayanıb “Meyxana folklordu e, ay camaat” deyərək qışqıracaq.

Nofəl Şahlaroğlu sakitcə yolunu getsə də, səsi yenə başıma düşdü, qorxdum.

Mənə elə gəlir ki, Nofəl Şahlaroğlunun çantasında həmişə bir şüşə Sirab, bir ədəd zərbəyə davamlı mikrofon, “folklor, a, camaat bilmir e, meyxana, bumeranq, təfəkküründə problem var” və s. kimi əlavə bir neçə də söz var.

Ümumiyyətlə, onun çıxışlarına baxanda hər dəfə elə bilirəm, studiyaya milçək girib, o da qışqıra-qışqıra, əl-qol ata-ata o milçəyi qovur.

Üstəlik, məncə, Bakıda elə bir podcast studiyası yoxdur ki, Nofəl Şahlaroğlu orada bir dəfə də olsun qışqırmayıb. Bu dəqiqə kim podcast studiyası açırsa, açılışa qışqırmağı üçün Nofəl Şahlaroğlunu çağırırlar.

Əlibəy Məmmədlinin qışqırmaq sahəsi isə daha çox efirlərdir.

Əslində, Nofəl Şahlaroğlu istedadsız adam deyil, hətta deyərdim, xeyli də istedadlı adamdır. Məncə, onun potensialı itib-batır, fakturası filmlərdə çox istifadə olunmur. Filologiya üzrə fəlsəfə doktorudur. Bir sözlə, öz yerində deyil. Ancaq bəlkə də, normal danışsa, öz aləmində emosiya göstərməsə, nə dediyi də aydın olacaq. Ancaq hələlik ondan geriyə qalan hay-küydür.

İndi o danışanda elə bilirəm, ekrandan adamın üzünə tüpürür.

Ümumiyyətlə, ona uzun müddət podcast çəkməməsi üçün sanksiya tələb etmək lazımdır. Alınmasa, ara qarışan vaxtı götürüb ABŞ-yə təhvil vermək lazımdır ki, sülh əldə olunmayan kimi raketə qoyub atsınlar İrana.

O elə bilir ki, səsin həcmi artdıqca məntiq də avtomatik güclənir.

Əminəm ki, gələcəkdə Nofəl Şahlaroğlu hardasa, nə vaxtsa qışqırmasa, həmin məkana yazılacaq:

“Bu məkanda bir dəfə qışqırmadan danışılıb”.

Onu deyim, Əlibəy Məmmədlinin qışqırığı Nofəl Şahlaroğlunun qışqırığından fərqlənir. Nofəlin qışqırıqlarında yenə hərdən maraqlı söhbət də olur, Əlibəy isə ömür uzunu boş-boş qışqırır.

Deyəsən, Əlibəy Məmmədlinin möhkəm aldadıblar ki, səsləndirdiklərin yaxşı şeirlərdir, yaxşı da deyirsən. O da inanıb, hər dəfə şeir deyəndə paralic vurmuş göyərçin kimi əsir.

İnanmazdım ki, bir gün bunu deyərəm, ancaq Əlibəy Məmmədliyə Kamran Yunisi dinləməyi tövsiyə edirəm. Cəhənnəm, bəlkə qışqırmağın başını buraxıb xırıldamağa keçdi?

Nofəl adamı sözlə yorursa, Əlibəy mimikası ilə bezdirir. Şeir deyəndə sifətində elə dəyişikliklər olur ki, elə bil, üz əzələləri öz aralarında referendum keçirirlər. Ancaq heç biri səs vermir, saxtalaşdırılır.

Nofəl öz aləmində qışqırıb insanlara həqiqəti çatdırmağa çalışır, Əlibəy də qışqırıb heç nəyi. Ən uzağı şeiri. Ancaq axırda nə həqiqət qalır, nə şeir.

Təkcə adamın qulaq pərdəsi həyat eşqini itirir.

Əlibəy Məmmədlinin çəkildiyi filmlərə, seriala da baxmışam. İnsafən, rol alanda qışqırmır. Daha dəqiq, onu qışqırmağa qoymurlar, deyirlər, eləcə kadra düş, özünü göstər, bəsdir. Onsuz da, səndən xüsusi bir performans gözləmirik.

Əlibəy Məmmədlini stəndup edəndə də görmüşəm. Görmüşdüm ki, stəndupa nəsə eləyir.

Ümumiyyətlə, Əlibəy şeir demir, elə bil üzündə zəlzələ baş verir. Qaşı bir misranı deyir, gözü başqa misranı, dodağı isə ayrı bir üçüncü şeiri yaşayır.

Danışıqlarında heç vaxt mübtəda-xəbər əlaqəsi olmur.

Səsi ilə sözü maksimum cinsi əlaqəyə girir.

Elə adamlar var, qışqırıb aləmə səs salırlar.
Bu ikisin qışqırığı isə ancaq ev-eşiyə söhbət sala bilər.

Danışdığı mövzu nə olur-olsun, qışqırığın əlindən axırda elə bir nöqtəyə gəlirlər ki, etdikləri söhbət özü utanıb pəncərədən çıxmaq istəyir, studiyanı tərk edir.

Hər ikisi yeganə adamlardır, sükut onların yanında yorulur.

Onların hər ikisi barəsində eyniliklər də var.

Məsələn, onlar danışanda cümlələri ağızlarından çıxmır, bir-birini itələyib qaçırlar.

Yeganə adamlardır ki, səsləri sözdən sürətli qaçır, sözləri də mənadan.

Konkret desək, bu adamlar danışmırlar, səsə hücum edirlər.

Məhz onlara görə mikrofonun özündən müdafiə hüquqları təmin edilməlidir.

Çünki indiki məqamda səslərinin həcmi var, sözlərində də məntiq çatışmazlığı.

Onlara dərin məntiq, yaxından tanıyanlara isə səbr arzu edirəm.

Orxan Saffari
Gununsesi.info