Dron oyunları: Rusiya İranı “parçalayır” - TƏHLİL

İdeoloji cəhətlərlə Rusiya və İranın ortaq dəyərləri çox az olsa da, hər ikisi Qərbə qarşı kütləvi qəzəb püskürən dövlətdir.

Bu səbəb İranın Rusiya-Ukrayna müharibəsində birincinin yanında dayanaraq ona hərbi yardım etməsi, xüsusilə kamikadze dronlar verməsi ilə nəticələnir.

Rusiyanın pilotsuz təyyarələri necə alması və ya onlara nə əlavə etdiyi barədə çox şey məlum deyil.

Amma Ukraynada qəzaya uğrayan, vurulan dronların qalıqlarından aydın olur ki, Rusiyada İran istehsalı olan yüzlərlə pilotsuz təyyarə var.

Aşkardır ki, İran Rusiyanın başqa dövlətlərin ərazisinə tamah salmasına haqq qazandıran vasitələri öz təbliğatının məntiqinə sığışdırır. İslam Respublikasının Rusiyaya verdiyi zərbə dronları müqabilində Moskvadan nə istədikləri hələ bəlli deyil, mümkündür ki, Tehran Moskva ilə Suriya mövzusunda Türkiyəni sıxışdıran razılığa gəlmək arzusundadır.

Əməkdaşlıq edilə biləcək ikinci platforma Mərkəzi Asiya, üçüncü coğrafiya isə Əfqanıstandır, Cənubi Qafqaz regionuna münasibətdə isə Moskva Ankara və Bakı ilə isti münasibətlərini Tehranın maraqlarına qurban vermək xəttinə getməyəcək.

Ukraynadakı müharibə İranın müdafiə sənayesindəki yeni silahların nümayişi baxımından önəmə mindirir, hərçənd ki, İran istehsalı olan dronlar Türkiyə və İsrailin eyni kateqoriyadan olan silahlarından qat-qat geridə qalır.

Rusiyanın İran dronlarına ehtiyac duyması Tehranda belə inam yaradır ki, Moskva gələcəkdə İsraildən gələ biləcək təhlükələr barədə onu kəşfiyyat məlumatları ilə təmin edəcək.

Ancaq Rusiyanın İranın düşməni olan İsraillə də yaxşı əlaqələri var, inandırıcı deyil ki, Təl-Əvivin Tehrana qarşı kəşfiyyat oyunları barədə Moskva hər hansı məlumatları Tehrana ötürsün. İkinci, Rusiya kəşfiyyatı özü parçalanmış durumdadır və alternativ bilgi mənbələrinə çıxışı məhdudlaşıb.

İran Rusiyanın qılığına girmək üçün Rusiyaya ballistik raketlər verilməsini də nəzərdən keçirir, hərçənd ki, bunun ikitərəfli münasibətlərin perspektivi üçün hansı üfüqlər açacağını dəqiqləşdirmək çətindir.

Çünki Rusiya Qərbin İrana tətbiq etdiyi sanksiyalar siyasətinə qarşı prinsipial çıxışlar etmir, sanki Moskva Tehranın əzilməsinə göz yummur və onun nüvə danışıqlarında ABŞ-a güzəştə getməsinə çalışır.

Rusiya İran dronlarını sadəcə müharibədə üstünlük qazandırmaq vasitəsinə çevirir, məqsəd Ukraynanın enerji infrastrukturuna zərbələr endirməklə Kiyevə qarşı təzyiqləri gücləndirməkdir.

Rusiya İrandan silahlar cəlb etməklə Qərbin Tehrana qarşı sanksiyalarını stimullaşdırmasına rəvac verir, digər tərəfdən isə özü masadakı kartlarını gücləndirmək istəyir.

PROQNOZLAR:

İsrail İranın Ukraynadakı müharibədə dolayı iştirakına qarşı həmlələr edəcək, lakin bu, Rusiya ilə gərgin münasibətlər yaradan səviyyəyə qalxmayacaq.

İran dronları Ukraynadakı müharibənin gedişatına həlledici təsir göstərməyəcək, Ukrayna xeyli çətinliklərlə üzləşsə də, müqavimət göstərməyə davam edəcək.

İranla Rusiyanın yeni oyun qaydaları Mərkəzi Asiya və Əfqanıstanda təzahür edə bilər, bu isə Qərb üçün müşküllər siyahısını genişləndirəcək.

Gununsesi.info