
Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi davam etdirilir.
Gununsesi.info xəbər verir ki, araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.