Elçin Rüstəmli: G7-dən Rusiyaya sərt mesaj, Ukraynaya əlavə dəstək

  • By Admin2
  • 17 İyun 2026 13:57

Fransanın Evian şəhərində keçirilən G7 sammitində Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan mühüm bəyanat qəbul edilib.

Gununsesi.info xəbər verir ki, bu sözləri jurnalist Elçin Rüstəmli bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın da imzaladığı sənəddə Rusiyanın hərbi iqtisadiyyatına, xüsusilə neft və qaz sektoruna qarşı təzyiqlərin artırılması nəzərdə tutulur.

Bəyanatda Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək ifadə olunub.

Sənəddə qeyd edilir ki, Ukraynaya hava hücumundan müdafiə vasitələrinin, əlavə sistemlərin, raket və uzaqmənzilli silahların tədarükü artırılacaq.

Həmçinin Ukrayna ərazisində hərbi istehsalın genişləndirilməsi üçün xüsusi lisenziyaların verilməsi imkanına baxılacaq.

G7 liderləri Ukraynanın enerji sisteminin dayanıqlığının qorunmasının vacibliyini vurğulayaraq, qarşıdan gələn qış mövsümündə ölkəyə əlavə maliyyə və texniki dəstək göstəriləcəyini də bəyan ediblər.

Elçin Rüstəmlinin diqqət çəkdiyi məqamlardan biri də ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətinin G7 qərarlarına təsiri olub.

Bəyanatda bildirilir ki, Trampın vasitəçiliyi ilə İranla Hörmüz boğazının yenidən açılması barədə əldə olunan razılaşma Rusiyaya qarşı yeni sanksiyalar üçün əlverişli şərait yaradıb.

Donald Tramp iyunun 16-da verdiyi açıqlamada neftin qlobal bazarlara sərbəst çıxışının təmin olunduğunu qeyd edərək, yaxın vaxtlarda Rusiya neftinə qarşı sərt sanksiyaların yenidən tətbiq oluna biləcəyini bildirib.

Elçin Rüstəmlinin fikrincə, qəbul edilən qərarlar Ukraynaya hərbi dəstəyin daha da güclənməsinə və Rusiyaya qarşı iqtisadi təzyiqlərin artmasına səbəb ola bilər.

Elmar

Gununsesi.info