Məlum olduğu kimi, 1 oktyabr 2025-ci il tarixindən etibarən ölkədə ictimai nəqliyyatda gediş haqqı artırılacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində metro tarifləri bir gediş üçün 60 qəpik, müasir avtobus marşrutlarında isə məsafədən asılı olaraq minimum 60 qəpik müəyyən edilib.
Mövzu ilə Gununsesi.info -ya danışan iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, gediş haqlarının 20 faizlik artırılması ölkədəki illik inflyasiya göstəricisini 14,4 faiz bəndi, orta aylıq əməkhaqqının artım tempini isə 11,5 faiz bəndi üstələyir.
“Belə artımların mənfi təsiri yalnız gündəlik gediş xərclərinin yüksəlməsi ilə məhdudlaşmır. Nəqliyyat xidmətlərinin maya dəyərinin və istehlak səbətində xüsusi çəkisinin artması fonunda bu qərar ümumi inflyasiya göstəricilərinə təzyiq göstərir, real əməkhaqqının alıcılıq qabiliyyətini zəiflədir və sosial rifaha çoxsaylı mənfi təsirlər yaradır.
Hələ bu da son deyil. Ən pisi odur ki, inzibati qiymət artımı “pandemik yoluxucu” xüsusiyyət daşıyır. Həkimlərin ifadəsi ilə desək, bu, “epidemioloji transmissiya effekti”nə bənzəyir”.









