İctimai iaşə obyektlərində, xüsusilə kafelərdə müştərilərə məxsus əşyaların itməsi halları tez-tez mübahisə doğurur. Belə hallarda obyektlərin “biz məsuliyyət daşımırıq” açıqlaması hər zaman hüquqi baxımdan kifayət hesab edilmir.
Gununsesi.info-ya danışan hüquqşünas Şmail Paşayevin sözlərinə görə, kafe və oxşar müəssisələr müştərilərə yalnız yemək-içmək xidməti deyil, eyni zamanda obyekt daxilində təhlükəsiz və nəzarətli mühit təqdim etmək öhdəliyi daşıyır.
Əgər əşya kafenin nəzarət zonasında – masa, giriş, asılqan və ya ümumi istifadə sahələrində itibsə və obyekt daxilində müşahidə kameraları və ya digər nəzarət imkanları mövcuddursa, məsuliyyət məsələsi avtomatik istisna edilmir. Bu halda hadisənin konkret şəraiti araşdırılmalı və obyektin səhlənkarlığı olub-olmadığı müəyyənləşdirilməlidir.
Hüquqşünas bildirir ki, kafelərin divarlarında və ya menyularında yer alan “itirilmiş əşyalara görə məsuliyyət daşımırıq” kimi ümumi elanlar hər zaman hüquqi müdafiə yaratmır. Belə xəbərdarlıqlar konkret hadisə üzrə araşdırma və sübutların qiymətləndirilməsini əvəz etmir. Hadisənin qiymətləndirilməsində əsas amillər kimi kamera görüntüləri, şahid ifadələri, əşyanın son dəfə harada olduğu və obyektin daxili təhlükəsizlik qaydaları nəzərə alınır. Əgər obyekt hadisə ilə bağlı araşdırma aparmır və məsuliyyəti tam şəkildə inkar edirsə, bu vəziyyət istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər və müvafiq orqanlara şikayət üçün əsas yaradır.
Orxan












