“ABŞ-dan “KoliPlus” vasitəsilə qida əlavəsi sifariş etmişdim. Təxminən bir ay əvvəl bağlama xarici anbarı tərk etdi və mənə bildirildi ki, artıq yoldadır. Sonradan məlum oldu ki, bağlama bir ay hava limanında reys təyin olunmasını gözləyib”.
Gununsesi.info xəbər verir ki, bu sözləri şirkətdən qida əlavəsi sifariş verən Məmmədova Rəfa deyib.
O bildirib ki, məhsulun şəraitdə saxlanıldığını bilmir.
“Nəhayət, böyük çətinliklə bağlama mənə çatdı. Məhsulu açanda gördüm ki, artıq xarab olub və istifadəyə yararsız vəziyyətdədir. Məsələ ilə bağlı KoliPlus-a müraciət etdim. Aldığım cavab isə tam məsuliyyətsiz oldu. Mənə “sifariş etməyəydiniz” məzmununda cavab verdilər. Halbuki onların sistemində qida əlavələrinin daşınması üçün ayrıca bölmə mövcuddur. Əgər bu məhsulların daşınması mümkün deyildisə, niyə əvvəlcədən qəbul edilir və sifariş rəsmiləşdirilir?”,– deyə o qeyd edib.
Şikayətçi həmçinin bildirib:
“Daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdim. Təxminən bir aydan sonra cavab gəldi ki, guya qida əlavələrini kargo vasitəsilə gətirmək olmaz. Yaxşı, tutaq ki, gətirmək olmaz. Bəs onda niyə KoliPlus belə məhsullar üçün ayrıca kateqoriya yaradıb və sifarişləri qəbul edir? Niyə əvvəlcədən xəbərdarlıq edilmir? 240 manat ziyana düşmüşəm. Pul bir yana, ən çox narahat edən məsələ müştəriyə olan münasibətdir. Hətta əməkdaşlardan biri mənə “Kargo sizin üçün aptek deyil ki” kimi tamamilə etikadan kənar cavab yazıb. Bu cür xidmət və müştəriyə münasibət qəbuledilməzdir. Şirkət həm məsuliyyətdən yayınır, həm də müştərini günahlandırmağa çalışır”.

Elmar












