Naqif Həmzəyev WUF13-lə bağlı şəhərdə görülməli işlərdən danışdı

  • Müəllif: Orxan
  • 21 May 2026 17:50

Hazırda Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhərlərin gələcək inkişafı, dayanıqlı urbanizasiya və müasir infrastruktur məsələlərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər, memarlar və şəhərsalma üzrə ekspertlər bir araya gələrək şəhərlərin daha yaşıl, təhlükəsiz və innovativ şəkildə inkişaf etdirilməsi yollarını müzakirə edirlər.

Maraqlıdır, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə şəhərsalma ilə bağlı hansı hədəflər var?

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında 38 saylı Gəncə birinci seçki dairəsinin deputatı Naqif Həmzəyev bildirdi ki, bu forum “Yeni Şəhər Gündəliyi”nin icrasının orta nöqtəsində keçirilir və BMT Baş Katibinin 2026-cı il hesabatına töhfə verəcək:

“Bu forumun Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük diplomatik uğurdur. Şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf sahəsində qlobal müzakirələrin mərkəzinə çıxmaq imkanıdır”.

Müsahibimiz Gəncədə edilməli olan proseslərdən də danışdı:

“Gəncə Azərbaycanın ikinci böyük şəhəri kimi WUF13-ün müzakirə etdiyi məsələlərə, mənzil, infrastruktur, dayanıqlılıq birbaşa aiddir. Yaşıl infrastruktur və ictimai məkanlar, Gəncə çayı boyunca yaşıl zolaqların genişləndirilməsi, mövcud parkların yenilənməsi, məhəllə səviyyəsində kiçik meydançaların yaradılması şəhər sakinlərinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırar. Gəncə çayında daimi su olmasının təmin edilməsi də əsas hədəflərdən olmalıdır. Piyadalar üçün rahat trotuarlar, velosiped yolları və şəhərdaxili ictimai nəqliyyatın optimallaşdırılması WUF13-ün əsas mövzularından biri olan “əlçatan şəhər” anlayışına uyğundur. Piyada yollarının davamlılığı da mütləq təmin edilməli, tıxac problemini həll etmək üçün parklanma qaydaları tənzimlənməli, yeni piyada keçidləri və körpülər tikilməlidir. Gəncənin zəngin tarixi irsi Cavad xan küçəsi, köhnə məhəllə strukturları, müasir tikinti ilə tarazlı şəkildə inkişaf etdirilməlidir. Tarixi memarlığın qorunması, eyni zamanda turizm potensialının artırılması mümkündür. Köhnə sovet dövrü binalarının modernləşdirilməsi, istilik izolyasiyasının yaxşılaşdırılması, eləcə də əlil arabası istifadəçiləri üçün əlçatanlığın təmin edilməsi vacib məsələlərdir. Enerji səmərəli işıqlandırma, tullantıların idarə edilməsi sistemi, ictimai Wi-Fi zonaları kimi sadə ağıllı şəhər həlləri Gəncə üçün real hədəflər ola bilər”.

(redaktor.az)

Gununsesi.info