İqtisadçı Natiq Cəfərli Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyyətinin müvəqqəti dayandırılması fonunda həmin marşrutda istifadə olunan vaqonların alternativ istiqamətə yönəldilməsini təklif edib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, avqustun 1-dən Bakı-Balakən-Bakı sərnişin qatarının hərəkəti Qax–Balakən sahəsində qeyri-sabit hava şəraiti nəticəsində dəmiryol infrastrukturuna dəyən zərərə görə müvəqqəti dayandırılacaq.
Cəfərlinin sözlərinə görə, bu istiqamətdə istismar olunan sərnişin vaqonları yaxşı vəziyyətdədir və marşrut fəaliyyət göstərməyəcəyi müddətdə onların Bakı-Tbilisi-Bakı xəttində istifadəsi məqsədəuyğun olardı.
“Yay mövsümündə hətta bu istiqamətdə gündə iki dəfə qatar reysləri təşkil etmək mümkündür. Bu, biletlərə olan yüksək tələbatın qarşılanmasına, qiymətlərin müəyyən qədər ucuzlaşmasına və sərnişinlərin narazılığının azalmasına kömək edə bilər”, – deyə o qeyd edib.
İqtisadçı əlavə edib ki, hazırda Bakı-Tbilisi marşrutunda bilet qiymətləri yüksəkdir və biletləri əldə etmək çətindir. Onun sözlərinə görə, xüsusilə Tbilisidən Bakıya qatar bileti almaq müşkülə çevrilib və mövcud bilet satışı sistemi hələ də tələbatı tam qarşılaya bilmir.
Elmar












