Onlar Azərbaycana dəstək verməyiblər - Deputat

  • By admin
  • 04 İyun 2022 14:53

“ABŞ Dövlət Departamenti, UNESCO və digər beynəlxalq təşkilatlar ölkəmizin haqlı mübarizəsində heç vaxt Azərbaycana dəstək verməyiblər. Bu, yeni bir hadisə deyil. Əsasən son zamanlar daha kəskin xarakter almış türkofobiya, islamofobiya ilə bağlı məsələlərdir”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, işğal dövründə hökumətimiz dəfələrlə UNESCO-ya və digər beynəlxalq təşkilatlara işğal altında olmuş Azərbaycan torpaqlarında erməni vandalizmi, vəhşilikləri barədə məlumat verib:

“Tarixi Azərbaycan abidələri, mədəni, dini abidələrimiz yerlə-yeksan olunub. 44 günlük müharibədən sonra biz və diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, parlamentarilər bütün bunları real şəkildə Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş bölgələrdə gördük. Bütün bunlara baxmayaraq, həmin təşkilatlarda erməni diasporuna lobbiçilik edən qüvvələr tərəfindən heç zaman faktaraşdırıcı missiya ilə bağlı bölgəyə səfər gerçəkləşdirmədilər. Bu, olduqca təəssüf hissi doğurur”.

Deputatın fikrincə, gələcəkdə onların bizim səsimizə səs verəcəklərinə də zəmanət yoxdur:

“Cənab Prezidentin təşəbbüsü ilə beynəlxalq mütəxəssislərdən ibarət komissiyalar yerlərdə faktları toplayırlar. Hüquqi prosedurlar aparılır, sənədləşdirilir. Zamanı gəldikdə biz beynəlxalq məhkəmələr qarşısında cavabdeh şəxsləri görəcəyik. Bu, faktdır ki, istər ABŞ, istərsə də Avropa strukturları tərəfindən biz ədalətli mövqeni görmədik. Bu tendensiyalar güclənir. Yəni, gələcəkdə də bizim tarixi, dini-mədəni irsimizin qorunması ilə bağlı ciddi addımlar atılmayacaq. Bütün dünya gördü ki, ermənilər məscidlərdə donuz saxlayırdılar. Bunlar insani, beynəlxalq dəyərlərə sığmır. Ermənilər zaman-zaman öz ənənələrinə uyğun olaraq böhtanlar yağdırır, nağıllar uydurur. Guya Qarabağda və Naxçıvanda erməni xaçkarları “dağıdılıb”. Ermənilərin öz adlarına çıxdıqları bəzi abidələr isə tarixi alban abidələridir. Bu, tarixi faktlara söykənir. Azərbaycan isə digər millətlərə, etnik qruplara qarşı tolerant siyasət aparır”.

Gununsesi.info