Politoloq - "Mixail Fyodorovun vəzifədən uzaqlaşdırılması Zelenski üçün ciddi siyasi səhv ola bilər"

  • By Admin2
  • 17 İyul 2026 12:33

Politoloq Kamran Cəfərov Ukrayna Prezidenti Volodimir Zelenskinin Baş nazirin müavini və rəqəmsal transformasiya sahəsinə rəhbərlik etmiş Mixail Fyodorovu müdafiə naziri vəzifəsindən azad etmək niyyəti ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info xəbər verir ki, Kamran Cəfərovun sözlərinə görə, məhz Fyodorovun orduda həyata keçirdiyi islahatlar döyüş meydanında kritik dəyişikliklərə səbəb olub.

O bildirib ki, Fyodorov Zelenskinin 2019-cu il prezident seçkiləri kampaniyasından etibarən onun ən yaxın və ən sadiq komanda üzvlərindən biri hesab olunur.

Politoloq qeyd edib ki, əvvəllər müxalifətin, xüsusilə Petro Poroşenkonun rəhbərlik etdiyi “Avropa Həmrəyliyi” partiyasının Fyodorova qarşı mənfi münasibəti olsa da, son parlament səsvermələrində Zelenskinin irəli sürdüyü namizədlər arasında müxalifətin dəstəyini qazanan yeganə şəxs məhz o olub.

Cəfərov bunu Fyodorovun yüksək idarəetmə effektivliyi ilə əlaqələndirib.

Onun fikrincə, Fyodorovun vəzifədən uzaqlaşdırılması Ukrayna cəmiyyətində ciddi narazılıq doğurub və proses maraqlı siyasi paradoks yaradıb.

“Subyektiv fikrimə görə, ukraynalılar siyasi mentalitet baxımından fransızlara çox oxşayırlar. Onlar demək olar ki, hər zaman hakimiyyətdən narazıdırlar və hesab edirəm ki, bu, demokratik cəmiyyət üçün normal haldır”, – deyə Kamran Cəfərov bildirib.

Politoloq vurğulayıb ki, hazırda Ukraynada müxalifət, vətəndaş cəmiyyəti institutları və ictimai rəy liderləri hakimiyyətin öz komandasının nümayəndəsini vəzifədən uzaqlaşdırmasına qarşı çıxırlar. Onun sözlərinə görə, bu, Ukrayna siyasətində nadir rast gəlinən paradoksal vəziyyətdir.

Kamran Cəfərov hesab edir ki, Ali Rada hələ bu qərarı təsdiqləmədiyi üçün prosesin qarşısını almaq mümkündür. O bildirib ki, Zelenskinin məsləhətçisi olsaydı, prezidentə parlamentdəki fraksiyasına bu qərarı dəstəkləməməyi tövsiyə edərdi.

“Mixail Fyodorovun vəzifədən getməsi Zelenski üçün öz ayağına vurulan güllə, Ukrayna Silahlı Qüvvələri üçün isə son dərəcə ağrılı zərbə olacaq”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Elmar

Gununsesi.info