“Qələbəmiz 100 minlərlə uşağın üzərindən “məcburi köçkün” ifadəsini silib atdı” -Zahid Oruc

  • By admin
  • 19 Oktyabr 2022 21:26

“Zəfər təqvimini yaşayırıq. 30 illik məğlubiyyət səhifələrini çeviririk və hərbi qalibiyyətin hər bir azərbaycanlıya yeni milli, mənəvi və siyasi kimlik qazandırdığı yeni bir formasiyaya daxil oluruq. Ona görə də Sosial Tədqiqatlar Mərkəzinin növbəti tədqiqat layihəsi Qələbəmizin böyütdüyü uşaqlara həsr olunub”.

Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusunun nəticələrinə həsr edilən konfransda çıxış edərkən deyib.

311671755_3391535914508719_5832365663797599409_n.jpg (474 KB)

Z.Orucun çıxışının tam mətnini təqdim edirik:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişilə “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” mövzusunda apardığı və bu sahədə beynəlxalq təcrübəyə söykənən araşdırma işi ailə və uşaq fenomenini yeni ictimai münasibətlər və kommunikasiya inqilabı şəraitində öyrənməyə, uşaq hüquqlarının təminatı və böyüməkdə olan gənc nəslin inkişafına təsir göstərən amilləri təhlil etməyə çalışır. Xatırladaq ki, 2021-ci ilidə təqdimatı olan “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” və “Müasir dövlət ailə siyasəti: problemə familistik araşdırmalar kontekstindən baxış” hesabatları da dövlət-hökumət orqanları və analitik mərkəzlər tərəfindən müsbət qarşılanmışdı.

Bəllidir ki, hər bir dövlətin gələcəyi güvənli nəslin, sağlam uşaqların, bu günlə sabah arasında etibarlı fiziki-mənəvi körpülərin üzərində qurulur. Vətən müharibəsində Qələbəmiz təkcə bir milyon insanın deyil, 100 minlərlə uşağın üzərindən də “məcburi köçkün” ifadəsini silib atdı. Beləliklə, indiki və gələcək nəsillər haqq etdikləri “qalib övladlar və Zəfər uşaqları” adını tarixə yazdılar. İndi onlar mənsub olduqları millətlə qürur duyur, qalib dövlətləri ilə fəxr edirlər.

Zaman keçdikcə genişlənəcək “Böyük qayıdış” hərəkatı doğma Qarabağda yaşamağa dönən Azərbaycan ailəsi o yerlərdə sülh və əminamanlığın təminatçısı olacaqlar, yeni doğulan körpələri təhlükəsiz şəraitdə böyüdəcəklər.

Xatırladaq ki, 1-ci Qarabağ müharibəsi 20 min hərbi və mülki itkilərə səbəb olmaqla yanaşı, silahlı əməliyyatların getdiyi 1988-94 cü illərdə və ondan 8 il sonra da ölkəmizdə əhalinin demoqrafik artımına zərbə vurdu, xalqımızın hər il orta hesabla 50-60 min nəfər sayda azalmasına səbəb oldu. Əgər 1991-ci ildə doğulan uşaqların sayı 190 min təşkil edirdisə, 1992-2001-ci illərdə doğum tempi sürətlə aşağı enərək cəmi 110 min uşaq həddinə çatmışdı.Əlbəttə, həmin illərdə kütləvi olaarq, ailə quran şəxslərin azalması, daxilidə vətəndaş qarşıdurması və kriminogen durumun pisləşməsi şəraitində sabaha inamın sarsılması, emiqrasiya amilləri burada əsaslı rol oynamışdı. 90-cı illərdəki düşmə trendi, yalnız 2002-ci ildən sonra yenidən artım tsiklinə qədəm qoydu.

Xüsusilə də işğal altındakı rayonların əhalisi erməni qəsdlərinə və kütləvi itkilərə baxmayaraq, son nəticədə orta hesabla 40 faiz artdı. 1991-ci illə 2020-ci illər arasında müqayisəli təhlillər göstərir ki, Şuşa rayonun əhalisi 21-mindən 35 min nəfərə, Ağdam əhalisi 145-mindən 205 min nəfərə, Füzuli 96 mindən 133 min nəfərə, Cəbrayıl 49 mindən 81 min nəfərə, Zəngilan 31 mindən 45 min nəfərə, Qubadlı 28 mindən 41 min nəfərə, Kəlbəcər isə 56 mindən 94 min nəfərə çatıb. Lakin ən başlıcası, bütün bu göstərcilər içərisində ermənilərin müharibə cinayətlərinin qurbanı olan Xocalı rayonunun əhalisi son 30 ildə 21 min nəfərdən 28 minə çatdı. Halbuki indi bir xalq kimi həyati təhlükədən danışan ermənilər azərbaycanlılarla sülh şəraitində və birgə yaşadıqları illərdə sayca artıblar.

Hörmətli dostlar, müharibə vəziyyəti uşaqların sağlam böyüməsinə, fiziki və mənəvi qayğı ilə əhatəsinə, arzuladıqları təhsilə əlçatanlığına, ən nəhayət, özlərini reallaşdırmaq qabilliyyətinə mənfi təsir göstərir. Lakin Azərbaycanın “müharibə uşaqları” vətənə sevgi, torpağa məhəbbət, düşmənə nifrət, itirilmiş ocaqlar uğrunda mübarizə hissi ilə böyüdülər. Ona görə də qalib gəldilər. Prezident İlham Əliyev haqlı olaraq deyir, sitat: “elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”. Beləliklə, ikinci Qarabağ savaşı “müharibə uşaqları”nın qələbəsi ilə başa çatdı və arzu edirik ki, bir daha gələcək nəsil o ada məruz qalmasın.

Əziz dostlar, ailə müqəddəsliyi Şərqli kimliyinin təməl daşıdır. Ona görə də “ana və ata” kəlməsi ölkəmizdə öz ali məqamını qoruyur, “bir və ya iki nömrəli valideyn” kimi kəlmələr qarşısında güclü sipər kimi dayanır.

312056084_3391535741175403_1593290887236919180_n.jpg (303 KB)

Lakin dünyada uşaqlarla bağlı rəqəmlər narahatlıq doğrurur. Hər il 40 000-dən artıq uşaq 15 yaşına çatmadan zorakılığın qurbanı olur, 2 milyard uşaqdan 600 milyonu yoxsulluqla çarpışır. Dünya uşaqlarının 8 faizə qədəri məktəbə getmir, lakin UNESCO-nun məlumatına görə bu rəqəm son 20 ildə iki dəfə aşağı düşüb, yəni vəziyyət hələ yaxşılaşıb. Dayanıqlı inkişaf proqramı qəbul edildikdən sonra müəyyənlşdirilib ki, 393 milyon uşaq 10 yaşadək minimal savadlılıq və yazıb oxumaq qabiliyyətindən məhrumdur, dünyada 600 milyona qədər azyaşlı isə təhlükəli döyüş bölgələrində yaşayır.Rusiya-Ukrayna müharibəsindən sonra rəqəmlər daha da artıb.Təkcə 90-cı illərdəki silahlı münaqişələrdə 2 milyondan çox uşaq ölüb, 6 milyondan çox uşaq ağır yaralanıb və ya şikəst qalıb. Hər il 8-10 min uşaq minaya düşərək ölür və ya şikəst qalır.

Halbuki uşaqlar dünyanın hər yerində sevgi ilə böyüməlidir. Ulu öndər Heydər Əliyev uşaqlara ehtiramla, xüsusi qayğı ilə yanaşırdı, onların təhsil və tərbiyəsini mühüm əhəmiyyət kəsb edən dövləti məsələ hesab edirdi. O, uzaqgörənlikıə deyirdi: “siz bugünkü həyatınızla, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcək binasını qurursunuz”.

Hörmətli konfrans iştirakçıları, bildiyiniz kimi, Azərbaycanın ümumi əhalisinin 23,9%-ni, yəni 2022-ci il üzrə 2 milyon 613,8 min nəfərini uşaqlar təşkil edir. Sosial Tədqiqatlar Mərkəzinin ötən il Komitə ilə birlikdə apardığı təqdqiqatdan kiçik bir xatırlatma yerinə düşər:

  • Rəqəmsal ailə modelinin meydana gəlməsi, dövlətlərarası sərhədlərin yerinə, ailədaxili qalın virtual divarlar möhkəmlənir,
  • Valideyn olmaqdan şüurlu surətdə imtina edənlərin sayı artır,
  • “Uşaqsız ailə” modelini seçənlərin çəkisi böyüyür,
  • Doğum səviyyəsinin aşağı düşməsi, perspektivdə dövlət üçün depopulyasiya təhdidi yaradır,
  • ” Uşaqların həyatı və inkişafının hər bir mərhələsi – uşaq bağçası, məktəb, idman, dərnəklər, kurslar, təlimlər, institut və s.-ni valideynlərin şəxsən həll etməsi, bu şərtlər altında valideynlərin uşaqları “problem ” kimi görməsi narahatlıq doğuran faktlar kimi qeyd olunmuşdu.

Mərkəzin hazırki tədqiqatı isə uşaq və yeniyetmələrin sosial-mədəni və yaradıcı inkişafı üçün asudə vaxtın təşkili, texnoloji vasitələrin bütün həyat sahələrinə sirayət etməsi, xüsusilə uşaqlar üçün yeni münasibət növləri və tələbatları yaratması, ailə institutunun hər bir fərdin həm fiziki, həm də mənəvi cəhətdən formalaşmasında müstəsna yerinin təsdiqlənməsi, onlayn tədrisə keçidin uşaqlara üstünlüklərlə yanaşı, müxtəlif problemlər gətirməsi, uşaqların əmək vərdişləri, yaxud qanunsuz əməyə cəlbi və məktəbəqədər təhsil və digər məsələlər tədqiqatın predmeti olub. Xatırladaq ki, ölkəmizdə 1825 uşaq bağçası var. Bu o deməkdir ki, hər 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib.

Peşə seçimi dövründə uşaqların gələcək ixtisas axtarışları texniki peşə təhsili müəssisələrin sayının azlığı ilə qarşılaşır, belə ki, orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə aıtılır. Lakin dövlət başçısı yeni milli ideologiyamıza çevrilən və hərbi qələbəmizdə müstəsna rol oynayan 4-cü nəsil texnologiyalarına görə gənclərin və uşaqların gələcəyini Səlcuq Bayraqdar kimi görmək istədiyini söyləmişdi. Torpaqlarımızın xilası səmalarımızın azadlığından başlamışdı və o yüksəklikləri fəth edən texnologiyaları yaradanlar bir vaxtlar xəyal quran bayraqdar ruhlu uşaqlar idi.

Ötən illər ərzində Azərbaycanda dövlət uşaq siyasətinin, minlərlə kimsəsiz və valideyn himayəsindən məhrum körpələrin isti ocaqlarla təminatında, mərhəmət və humanizmlə əhatə olunmasında 1-ci vitse-prezident Mehriban Əliyevanın fədakar xidmətləri indi daha böyük missiya ilə əvələnib. Uşaqların doğma yurda qayıdışı, təhsillərini və yeni təhsil ilini azad torpaqlarda qarşılaması “Böyük qayıdış”ın birinci dərsləridir. Ağalı kənd orta məktəbi uşaqlarımızın müqəddəs məbədidir, zirehli qalasıdır, işğala, qaçqınlıq və köçkünlüyə qarşı sipəridir.

Yüz il əvvəl birinci dünya müharibəsindən sonra “itirilmiş nəsil” sözü çox məhşurlaşmışdı.Lakin xalqımız öz qalib övladları ilə torpağı, vətəni və dövləti etibar edəcəyi bir nəsil yetişdirib. Ona görə də tədqiqatın yekununda bir çox təkliflər irəli sürülüb.Onlardan yalnız 2-ni xatırlatmaq istərdik:

  • “Böyük Qayıdış” proqramı çərçivəsində gənc ailələrə dəstək tədbirlərinin həyata keçirilməsi, “Qarabağda Uşaq şəhərcikləri”nin salınması mühüm dövlət siyasəti ola bilər.
  • “Azad torpaqlarda qalib valideynlərin dünyaya gələn yeni uşaqların nəfəsini, onların gətirəcəyi yeni arzu və idealları nəzərə alaraq, Böyük qayıdışın 2-ci mərhələsində 2 milyona qədər insanın o ərazilərə dönüşünü təmin edən proqramlara ehtiyac duyulacaq.

Yekunda bir daha inanırıq ki, qalib övladlar, Zəfərimizin simvolizə edən uşaqlar bir daha torpaq itirməyəcəklər, heç vaxt işğalla üzləşməyəcəklər və Vətən müharibəsində qalibiyyəti əbədi qoruyacaqlar!”

Gununsesi.info