Rəsul Həmzətovun şəhərində bir gün - LƏMAN ƏLƏŞRƏFQIZI (FOTOLAR)

  • By admin
  • 17 Oktyabr 2016 15:10

hamzatov

Dağıstana getmək zərurəti xoş bir hadisədən qaynaqlanmışdı. Maxaçqalada tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovla dağıstanlı alim  Məhəmmədxan Məhəmmədxanovun birgə işi olan” Dərbənd xalçaçılığı” kitabının təqdimetmə mərasimi keçirilirdi. Həm bu möhtəşəm tədbirdə iştirak etmək, həm də Rəsul Həmzətovun şəhərilə tanışlıq imkanı açığı  məni həyəcanlandırmışdı. Çünki hər iki səbəbməni uşaqlığıma aparırdı. Xalça,  doğulduğum evin hərarəti idi, dünyaya göz açdığım Oğuzun Baş Daşağıl kəndində ilin 12 ayı hamı hana toxuyardı. Bircə evin sonbeşiyi olan məni xalçaya yaxın qoymazdılar, amma böyük bacılarım anamla birlikdə uzağı 6 aya hananı kəsərdilər. Ən gözəl çeşni də Müslümat idi. Hansı ki, bu çeşni  bu gün  Dağıstanda da  eyni adla toxunur. Uşaqlıqdan ədəbiyyyata olan düşkünlüyüm Dağıstanın fəxri  Rəsul Həmzətovu-sözə  naxış vuran böyük sovet şairini   də mənə sevdirmişdi. Onun bir çox şerlərini əzbərdən bilirdim. Onu da bilirdim ki,  Rəsul Həmzətov Azərbaycana bağlı bir şairdir, Səməd Vurğunu özünün ustadı, mənəvi atası hesab edir, onun yaradıcılığını yüksək qiymətləndirirdi. Məsələn, deyirdilər ki, Səməd Vurğun vəfat edəndən sonra  Bakıya hər gəlişində Rəsul Həmzətovun birinci işi onun məzarını ziyarət etmək olurdu ;

Kaş sellərin ağzına atılaydım indicə

Axına qarşı üzmək asan olaydı, asan

Qapına yaxınlaşmaq necə çətinmiş, necə

Zəngi çala bilmirəm, şair dostum hardasan?

qamzat

Ürəyimdə və beynimdə Rəsul Həmzətovun  Səməd Vurğun haqda misraları nəhayət gəlib çatırıq Dərbəndə. Möhtəşəm Dərbənd qalasını görcək dərhal yaddaşım təzələnir, Rəsul Həmzətovun yerini  Sasani hömdarı İkinci Yezdıgird  tutur. Tarixi mənbələrdə göstərilir ki, qala divarlarını o 5-ci əsrdə çiy kərpicdən tikdiribmiş. Sonra birinci Xosrov Ənuşirəvan çiy kərpici daşla əvəz edib. Dəmir qapı Dərbəndhəm də yaddaşımda Dədə Qorqudun basdırıldığı yer kimi qaldığından bu tarixi məkanda özümü heyratamiz hiss edirəm. Bizimlə yola çıxan Milli Elmlər Akademiyasının beş tarixçi etnoqraf aliminin Dərbənd haqda söhbətləri də lap yerinə düşür. Bilmirəm  professor Tofiq Mustafazadəyə qulaq asım, yoxsa Qoşqar Qoşqarlıya. Onlar Dərbəndin tarixindən maraqla danışırlar. Paytaxt Maxaçqala isə adamda tamam başqa təəssürat yaradır.

QƏHVƏYİ RƏNGLİ ŞƏHƏR

Təəssüratı. Bəli, bu şəhərin arxitekturasında xüsusilə qəhvəyi rəngdən istifadə edilib. Evlərin damları qəhvəyi, binaların fasadları qəhvəyi. Qabağında bir fincan qəhvə  ilə  bu şəhərin səndə doğurduğu assossiasiyanın keyfini yaşaya bilərsən.  Amma vaxtımız yoxdur. Maxaçqalanın  möhtəşəm Dostluq Evində  bizi elə möhtəşəm də bir tədbir gözləyir.

“DƏRBƏND XALÇAÇILIĞI”

kitab

Kitabının təqdimatı. Dağıstanın bir çox dövlət-hökümət adamlarının qatıldığı tədbir  təkcə iki  xalçaçı alimin birgə işinə diqqətin təzahürü deyildi, həm də xalq sənəti nümunəsi olan xalçaya, xalçaçılığa hörmətin, sayğının göstəricisiydi.Dağıstanın Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə ölkənin baş nazirinin müavini Anatoliy Karibov, Milli Siyasət naziri Tatyana Qamaley, mədəniyyət naziri Zarema Butayeva və bir çox idarə, təşkilat təmsilçiləri, media nümayəndələri iştirak edirdi. Çıxışlarda xüsusilə bir məqam vurğulandı: “Xalça- xalqların tarixini,mədəniyyətini özündə əks  etdirən xüsusi işarələr və simvollar  dünyasıdır. İnsan doğulanda da xalça üzərində doğulur, öləndə də xalçaya bükülüb bu dünyadan köçür.” Əslində  ilk baxışdan mahiyyətinə varmadığımız,  adi bir ev əşyası, adi bir aksessuar kimi qiymətləndirdiyimiz xalça görün özündə nə boyda fəlsəfi yük daşıyırmış?!Məhz bu tədbirdə ilk dəfə

XALÇAM HARDA, YURDUM ORADA

qamzat1

Məsəlinin mahiyyətini dərindən dərk etdim. Professor Vidadi Muradovun dilindən səslənən bu fikirlər də xalça və onun əhəmiyyəti haqqında bir daha düşünmək üçün imkan yaratdı. :” Xalça toxunduğu evə, ailəyə xoşbəxtlik gətirir, qoy bu xalça da- “Dərbənd xalçaçılığı” kitabı da xalqlarımıza sülh və əmin amanlıq gətirsin”.  Hamı amin deyir. Kitab müəlliflərinə Dağıstanın Mədəniyyət Nazirliyinin xüsusi diplomu  təqdim olunur.

QƏHVƏYİ RƏNGLİ ŞƏHƏR

qamzat2

Sağollaşırıq. Bir də bu şəhərin mərkəzi küçələrindən birində ucaldılan Əziz Əliyevin heykəli ilə. Azərbaycanın görkəmli oğlu iki çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı, şəhər partiya komitəsinin birinci katibi olub. Onu burda həm də ata və oğul Həmzətovları yaşadıqları  Xunzax rayonunun Sada aulundan Maxaçqalanın mərkəzinə-öz qonşuluğuna köçürən, onları mənzillə təmin edən, Rəsul Həmzətovun Moskvada təhsil almasına yardımçı olan böyük şəxsiyyət kimi tanıyırlar. Hər birinin yeri behişt olsun! Və bir də əlbəttə ki, xalça kimi rahat və yumşaq. Amin.

leman

Ləman Ələşrəfqızı

(Əməkdar jurnalist)