Səhiyyə Nazirliyinin idarə rəisi dövlət vəsaitini mənimsəməkdə ittiham olunur

  • Müəllif: Firuzə
  • 20 İyul 2026 13:33

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib.

İttihama görə, 2022-2025-ci illər ərzində rəhbərlik etdiyi idarədə faktiki işə gəlməyən, lakin adları işdə gedən şəxslərin adına əmək haqqı yazıb, özündə saxladığı əmək haqları kartlarına köçürülmüş pulları nağdlaşdıraraq götürüb. Ümumilikdə 12 işçinin maaşını mənimsəməklə 155 min manatdan çox pulun ələ keçirildiyi qeyd olunub.

Daha sonra ittihamda göstərilib ki, Səhiyyə Nazirliyi ilə şirkətlər arasında bağlanmış müqavilələrə əsasən özünə müəyyən qədər vəsaitlər götürüb. O, bir qrup şəxsin vasitəsi ilə 627 min manatdan çox dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib.

Səhiyyə Nazirliyinin nümayəndəsi Sadiq Quliyev mülki iddianı müdafiə etdiyini deyib. İttihama münasibət bildirən Mehdi Əmrahov özünü qismən təqsirli bilib. O özünü səhlənkarlıqda təqsirli bilib.

İttihama görə, ümumi ziyan 783 min manatdır.

Təqsirləndirilən şəxs mülki iddianı qəbul etmədiyini bildirib. Vurğulanıb ki, nazirliyin mülki iddiası 670 min manatdır.

Növbəti proses avqustun 3-də davam edəcək.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs nazirliyin 700 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Mehdi Əmrahovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, məhkəmənin hazırlıq iclasında onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu qərar dövlətə dəymiş 783 min manat ziyanın ödənilməsi üçün təşəbbüs göstərilməməsi ilə əlaqələndirilib.

Əmrahov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Dəymiş ziyan ödənilmədiyi halda bu cinayətə görə 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.(Teleqraf)

Gununsesi.info