“Sultana” faciəsi - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 27 Aprel 2017 15:17

leman

 Tarixdə ən dəhşətli gəmi faciəsindən danışanda yada “Titanik” gəmisi düşür.

1912-ci il aprelin 15-də Atlantik okeanının buzlu sularına qərq olan “Titanik”. Amma bu insidentdən az qala yarım əsr əvvəl baş vermiş başqa bir gəmi faciəsi həmişə “Titanik”in kölgəsində qalır. Söhbət 1865-ci ilin aprelin 27-də Missisipi çayında qəzaya uğrayan “Sultana” buxar gəmisindən gedir ki, bu haqda demək olar ki, danışılmır. Halbuki Hollivudun məşhur rejissorlarına “Titanik”dən daha maraqlı mövzunu “Sultana” verə bilərdi. Çünki, “Sultana” gəmisində ölənlərin sayı “Titanik”də ölənlərin sayından çox idi-1700 nəfər, Titanikdə ölənlərin sayı isə 1514 nəfər idi.

28 aprel-1

Üstəlik “Sultana” faciəsi həm də o dövr Amerikasının siyasi həyatına diqqət çəkmək baxımından da maraq doğurur. Faciənin zaman zaman kölgədə qalması da elə bəlkə siyasilərin işi olub, kim bilir? Beləliklə, “Sultana” gəmisi haqqında danışmazdan qabaq 1865-ci ildə ABŞ-dakı siyasi vəziyyətə diqqət çəkək.

1860-cı ildə Respublikaçılar Partiyasının namizədi Avraam Linkoln president seçilir. Amerikanın cənubundakılar Linkolnun president seçilməsini qiyamla qarşılayırlar. Cənubi Karolina Ştatı İttifaqdan çıxdığını elan edir, bunun ardınca daha 6 ştat da ittifaqdan çıxır. 1861-ci ilin fevralında bu ştatlar ayrıca Konfederasiya halında birləşirlər. Missisipi plantatoru Cefferson Devis yeni yaradılan dövlətin ilk və son prezidenti olur. Ölkədə konkret olaraq iki ordu və iki konqres fəaliyyət göstərirdi.

Elə 1861-1865-ci illərin vətəndaş müharibəsinin əsas səbəbi də sənaye sahəsi üzrə inkişaf etmiş Şimalla quldarlıq təsərrüfatının hökm sürdüyü Cənub arasında ziddiyyətlərin kəskinləşməsi idi. Müharibənin birinci mərhələsini şimallılar uduzur. Səbəb Linkoln hökümətinin quldarlığı ləğv etməməsi, bir də “Homsedlər haqqnda” qanunun qəbulunu gecikdirməsiydi. Hansı ki,bu qanun hər bir amerikalıya pulsuz olaraq 160 akr( yəni 65 hektar) torpaq sahəsi vəd edirdi.

Avraam Linkoln səhvini tez bir zamanda düzəldir. O, 1863-1865-ci illər ərzində Şimal Ordusuna nə az, nə çox, düz 190 min zənci əsgər cəlb edir. Daha 250 min zənci isə arxa cəbhədə hərbi qulluğa götürülür. “Homsedlər haqqında” qanunun qəbuluna da nail olurlar. Və bu üstünlük müharibədə tezliklə öz sözünü deyir. 1863-cü ilin iyulunda cənublular Gettisberq və Missisipi çayı vadisindəki döyüşlərdə məğlub olurlar. 1865-ci ilin aprelin 3-də Amerika Konfederativ Ştatlarının paytaxtı Riçmond şəhəri tutulur. Cəmi 18 gündən sonra, yəni aprelin 21-də Viksburq limanından yola düşən “Sultana” buxar gəmisinin əsas yükü də elə cənublu hərbi əsirlər idi- 2239 nəfər.

28-1

Bundan əlavə gəmidə 85 nəfər ekipaj üzvü, bir də varlılardan ibarət 70 nəfər “kayut sərnişini” vardı. Hərçənd, gəminin sərnişin tutumu cəmi 276 nəfərə hesablanmışdı. Göyərtədə isə 400 sərnişin gedə bilərdi. Təsəvvür edin, az qala 10 dəfə artıq yüklə-sərnişinlə “Sultana” gəmisi Missisipi çayı ilə hərəkətə başlayır. Sonradan sərnişinlərdən biri qeydlərində yazırdı:

“Biz sanki çəlləkdəki duzlu balıqlar kimi sıxışıb qalmışdıq. Ayaq üstə yatırdıq, çünki tərpənmək,əl-qol açmaq sadəcə mümkün deyildi”.

Bu dəhşətli yolçuluq düz 6 gün davam edir. Memfis limanında gəmiyə daha 5 ton şəkər tozu və 50 baş diri donuz yükləyirlər. Sərnişinlərdən narazılıq edənlər olur, amma əsirlər qorxusundan səsini çıxarmırlar. 5 il ərzində cəlb olunduqları dəhşətli müharibə onları elə bərkitməmişdi ki…

Onlar hətta donuzla bir qabdan yemək də yeyə bilərdilər. Bircə istəkləri vardı, evə tez çatsınlar. Doğmalarının, əzizlərinin yanına. Aprelin 27-si gecə saat 2.40 radələrində yer-göy lərzəyə gəlir. Memfisdən 8 mil uzaqlıqda olsa da bütün şəhər ayağa qalxır. Hamı göyə bülənd olan alov dilimləri seyr edir. Əcəba nə baş verib?-deyə.

Ertəsi gün qəzetlər “Sultana”nın sağ qazanxanasında baş verən partlayışdan yazırdı. Partlayışın gücü o qədər böyük idi ki, göyərtə adamlar qarışıq göyə uçmuşdu. Gəminin iki nəhəng buxar borusundan biri gövdədən qopmuş, ağacdan hazırlanmış gəminin orta hissəsində başlayan yanğın cəmi bir neçə saniyə ərzində bütün gəmini ağuşuna almışdı. Gəminin sol qazanxanası və buxar maşını isə demək olar ki, ziyan çəkməmişdi. Yəni, əsən güclü külək alovu ətrafa yaymasaydı, gəmini hətta bu vəziyyətdə belə idarə etmək olardı.

“Sultana”nın sağ qalan baş mexaniki Neyt Uintrinqer sonradan öz raportunda belə yazmışdı. “Əvvəlcə donub qaldım. Bu nə isə dəhşətli bir şey idi. Sanki göy məhvərindən qopdu. Başımı qaldırdım və ətrafda çaya tökülüşən yüzlərlə insan gördüm.

Hər tərəfdən çığırtı səsləri gəlirdi. “Alovu söndürün!” qışqırtıları ətrafı bürümüşdü. Hər yanda xaos hökm sürürdü. Birdən hiss etdim ki, alov məni də göyərtədən çaya atılmağa vadar edir. Missisipinin geniş qoynu məni səsləyirdi. Hansısa kayutun pəncərəsindəki taxta ştormu çıxarıb özümü Missisipiyə atdım. Hadisənin baş verdiyi yerdə Missisipi çayının eni 5 kilometr idi.

Bu səbəbdən də yanıq xəsarətli insanların üzüb o sahilə çıxmağı mümkün görünmürdü. Həmin gün “Sultana” gəmisindəki faciədə 1653 nəfər həlak olur, xilas edilən 741 nəfərdən isə daha 70 nəfəri xəstəxanalarda keçinir. “Sultana” müsibətini Amerikada tez unudurlar.

Ya da belə desək, bu faciə cəmi 20 gün əvvəl başa çatmış müharibənin fonunda heç gözə görünmür. Bəlkə həm də ona görə ki, 2 həftə əvvəl ABŞ öz siyasi tarixində ən böyük faciəsini yaşamışdı. Aprelin 15-də prezident Avraam Linkoln öldürülmüşdü.

Müharibədə çaldığı parlaq qələbədən cəmi 6 gün sonra “ Bizim amerikalı əmioğlumuz” tamaşasına baxmaq üçün teatra gedən Linkolna teatrın aktyoru Con Uilks But atəş aşmış və nümayişkarənə belə demişdi:

“Tiranların taleyi belədir”.

Bu müharibəni uduzan cənubluların şüarı idi.

Daha doğrusu, ABŞ-ın cənub ştatı olan Virciniyanın.

“Sultana” da nəhəng idi.

Lap tiranlar boyda…

Və o göyərtəsində 2239 cənublu hərbi əsiri aparırdı.

Düşündürücüdür, deyilmi?

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info