Yaşar Nurinin xatirə gecəsi keçiriləcək

  • By admin
  • 12 Noyabr 2016 13:10

devetname

Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Bu haqda Gununsesi.info-ya xalq artistinin qızı Ülkər Nuriyeva məlumat verib.  O bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən  və keçdiyi yoldan danışılacaq.

Eyni zamanda  mərasimdə sənətkarın xatirəsinə həsr olunmuş fotosərgi açılacaq. Sərgidə  xalq artistinin vaxtilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunacaq.

Qeyd edək ki Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru, Azərbaycan kino və teatrında əvəzsiz rolların ifaçısı Yaşar Nuri 2012-ci il noyabrın 22-də uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edib.

Xatırladaq ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.
Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olub. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə…”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda “Sabahınız xeyir”, “Gülüş axşamı” yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. “Azərbaycanfilm” kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.
Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilirdi.

Gülnaz Qənbərli

Gununsesi.info