Yerevan KTMT-nı Azərbaycanla münaqişəyə cəlb etmək istəyir, amma…

  • By admin
  • 10 Avqust 2021 12:20

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş kativi Stanislav Zasın Ermənistana səfəri başlayıb.

Gununsesi.info xəbər verir ki, səfər zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət əsas diqqət mərkəzində olub.

Baş katibə qarşı neqativini heç zaman gizlətməyən rəsmi Yerevan bu dəfəki görüş zamanı da Baş katibə və ümumilikdə, KTMT-ya qarşı münasibətini nümayiş etdirib.

Xarici işlər naziri səlahiyyətlərini icra edən Armen Qriqoryan KTMT-dan narazılığını ifadə edib. O, Kəlbəcər və Naxçıvan istiqamətində iki tərəf arasında baş verən toqquşmaları “kiçik sərhəd insidenti” adlandıran Stanislav Zası tənqid edib. Onlar arasında iyulun 5-də bu mövzu ilə bağlı baş tutan telefon danışığının mübahisə ilə bitmişdi.

Dünən Qriqoryanla Zas arasında baş tutan ikitərəfli görüş zamanı isə Ermənistan KTMT-dan hərbi yardım istəməklə yanaşı, sentyabrın 16-da təşkilatda sədrliyin Yerevana keçəcəyini də xatırlayıb.

“Qriqoryan sədrliyin konseptual yanaşmalarından danışıb və təşkilata üzv ölkələrin ehtiyaclarına reaksiya mexanizmlərinin təkminləşdiriləcəyini söyləyib”- deyə rəsmi xəbərdə vurğulanırdı.

Ermənistan müdafiə naziri Arşak Karapetyanın isə sərhəd insidentlərinə sərt reaksiya verəcəkləri ilə bağlı açıqlaması da gərginlikdə maraqlı olmayan Moskva və müttəfiq ölkələrin narazılığına səbəb olub. Rusiya və KTMT-ya üzv digər ölkələr Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı deyil və Yerevanı gərginliyə xidmət edən addımlardan çəkindirmək istəyir.

“Ermənistanın KTMT-nı Azərbaycanla konfliktə cəlb etmək istəyi təşkilat daxilində problemlərə, hətta böhrana yol aça bilər. Bu həm Azərbaycanın KTMT-ya üzv ölkələrlə sıx dostluq əlaqələrinin olması, həm də Əfqanıstandakı vəziyyətlə bağlı təşkilat üçün Mərkəzi Asiya istiqamətinin prioritet olması ilə bağlıdır”- deyə erməni ekspert David Arutunov deyib.

“Ermənistan KTMT-ya Azərbaycanla bağlı ciddi şikayətlər edəcək və təşkilatdan yalnız siyasi deyil, həm də hərbi sahədə aktiv fəaliyyət göstərməsi istəniləcək. Amma bunun heç bir effekti olmaycaq, çünki hərbi blok regional problemləri həll etmək üçün yaradılmayıb. Bundan başqa, təşkilata üzv ölkələrin təxminən yarısı Azərbaycana simpatiya ifadə edən türkdilli və müsəlman ölkələrdən ibarətdir. Yerevanla Moskva bunu anlayır və KTMT daxilindəki bütün manevrlər onlarda yorğunluq hissi doğurur”- deyə rusiyalı ekspert Arkadi Dubnov söyləyib.