Azərbaycan son illərdə Orta Asiya ölkələri ilə həm siyasi münasibətlərini, həm də əməkdaşlıq imkanlarını dinamik şəkildə genişləndirməkdədir. Bu mənada, Azərbaycan–Özbəkistan münasibətləri, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf sürəti diqqəti xüsusilə cəlb edir.
Avqustun 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistanda dövlət səfərində oldu. Bu, bir daha nümayiş etdirdi ki, iki ölkənin ali rəhbərləri arasında qarşılıqlı səfərlər kifayət qədər sıxlıq təşkil edir. Bunun özü də Azərbaycan–Özbəkistan münasibətlərinin xarakterini, yüksək inkişaf səviyyəsini göstərən çox təsirli amildir.
Bu barədə siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu Gununsesi.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Özbəkistan arasında Əbədi Dostluq haqqında Müqavilənin bağlanması, əslində, hansısa tamamilə yeni reallıq formalaşdırmır. Çünki buna qədər də Azərbaycanla Özbəkistan arasında, elə sözün əsl mənasında, səmimi qardaşlıq və dostluq münasibətləri var idi və bunun artıq kifayət qədər siyasi və institusional əsasları formalaşmışdı.
2023-cü ildə strateji tərəfdaşlıq haqqında, 2024-cü ildə isə müttəfiqlik münasibətləri haqqında sənədlər imzalanmışdı və nəhayət, 2026-cı ilin avqustunda Əbədi Dostluq haqqında Müqavilə imzalanır. Yəni bu günə qədər iki ölkə və iki xalq arasında mövcud olan dostluq, əbədi dostluq münasibətləri bir növ sadəcə olaraq rəsmiləşdirilmiş oldu.
Politoloq bildirib ki, müqavilə tərəflər arasında geniş vektorlu əməkdaşlığın daha da inkişaf etdirilməsini şərtləndirəcəkdir. Bu, birmənalıdır. Ortaq maraqlardan çıxış olunaraq birgə addımlar atılacaqdır. Əsas önə çəkilən məsələlərdən biri dövlətlərin qarşılıqlı şəkildə bir-birlərinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməsidir.
“Həm Azərbaycan, həm də Özbəkistan həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlıq üçün çox böyük potensiala malikdirlər.
Bundan sonrakı mərhələdə imzalanmış sənədlərdə də bu, öz aydın ifadəsini tapıb. Azərbaycanla Özbəkistan arasında iqtisadi təmaslar daha dinamik qurulacaq və inkişaf etdiriləcəkdir. İki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəf kimi müəyyənləşdirilibdir. Ən müxtəlif sahələrdə ölkələr arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq imkanları daha da genişləndiriləcəkdir”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, Azərbaycanın unikal coğrafi mövqeyi Mərkəzi Asiya ilə Avropa arasında ölkəmizin təbii bir körpü rolunu oynamasına imkan verir. Amma sözsüz ki, bu, yetərli deyil. Ölkə rəhbərinin strateji baxışları, onun beynəlxalq münasibətlər sistemində atmış olduğu dəqiq addımlar, vermiş olduğu strateji qərarlar ölkəmizin mövqelərini və geosiyasi münasibətlər sistemində rolunu daha da yüksəldir.
“Bu mənada, Azərbaycanın həm coğrafi mövqeyi var, həm ölkə rəhbərinin düzgün qərarları, siyasi iradəsi, həm də potensialı mövcuddur. Yəni daha səmərəli əməkdaşlıq üçün böyük potensial var.
Ona görə də bu gün Azərbaycan çox mühüm nəqliyyat-logistika layihələrinin iştirakçısıdır, birbaşa təşəbbüskarıdır. Özbəkistan–Azərbaycan arasında münasibətlərin və əməkdaşlığın hazırkı səviyyəsi gələcəkdə həm də Orta Asiya ilə bütövlükdə Cənubi Qafqaz arasında, Azərbaycan vasitəsilə isə Mərkəzi Asiya–Avropa əlaqələrinin genişləndirilməsi imkanlarını ortaya çıxarır”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, Transxəzər və yaxud Orta Dəhliz həm də Özbəkistan üçün mühüm aktuallıq kəsb edir. Zəngəzur dəhlizinin açılması artıq zaman məsələsidir və Zəngəzur dəhlizi də Orta Dəhlizin çox mühüm komponentini təşkil edəcək: “Bu da bir daha ona dəlalət edir ki, Azərbaycan vasitəsilə Mərkəzi Asiyanın Avropa ölkələri ilə təmaslar qurması imkanları daha səmərəli olacaq, daha çoxvektorlu xarakter daşıyacaq”.
Politoloqun fikrincə, Özbəkistanla Azərbaycan arasında ən müxtəlif sahələrdə əməkdaşlıq imkanları və potensialı mövcuddur. Bunu Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü zamanı səsləndirilən fikirlərdən də biz bir daha müəyyənləşdirmiş olduq.
Eyni zamanda, iki ölkə arasında səmimi münasibətlər həm də iqtisadi əməkdaşlığın keyfiyyətini və səmərəliliyini müəyyən edir. Azərbaycan Prezidenti qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpa işlərinə ilk töhfəni verən məhz Özbəkistan oldu. Bunun özü də Azərbaycanla Özbəkistan münasibətlərinin xarakterini bir daha açıq şəkildə göstərmiş olur.
“Əbədi Dostluq haqqında Müqavilənin imzalanması həm ayrıca Azərbaycan–Özbəkistan münasibətlərinin və əməkdaşlığının yeni keyfiyyət mərhələsini müəyyən edir, həm də bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında, Azərbaycanın mərkəzi rolu ilə, tamam yeni bir əməkdaşlıq və münasibətlər mərhələsinin başlanğıcını qoyur”, – deyə politoloq bildirib. (Bizimyol.info)












