Vəhdət Partiyasın sədri Adəm İsmayıl Bakuvi bir qrup gənclə görüşüb.
Partiyadan Gununsesi.info-ya verilən açıqlamada bildirilir ki, keçirilən görüş siyasi innovasiyanın və gənclərin elmi potensialının artırılmasına töhfə verən mühüm platformaya çevrilib.
Tədbir gənclərin dövlət idarəçiliyində bilik əsaslı yanaşmanı formalaşdırması, ictimai-siyasi proseslərə daha fəal inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edib.
Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi gənclərin siyasətdə aktiv rol almasının dövlətçilik düşüncəsi üçün əhəmiyyətini vurğulayıb: “Gənclər sadəcə gələcəyin deyil, bu günün də aparıcı qüvvəsidir. Onların ideyaları siyasətimizi gücləndirən ən vacib mənbədir”.
Sədr bildirib ki, partiyanın məqsədləri sırasında gənclərin elmi yanaşmasını dəstəkləyən şəffaf, açıq və müasir bir əməkdaşlıq mühitinin yaradılması xüsusi yer tutur. Gənclərlə birgə hazırlanan yeni layihələrin isə yaxın dövrdə ictimai fəallığı daha da artıracağı qeyd olunub.
Tədbirdə Aparat rəhbəri Əbdülvahab Manafov, Gənclər Təşkilatının sədri Aynurə Ələkbərova görülən işlər və planlaşdırılan təşəbbüslər barədə məlumat veriblər. Qeyd olunub ki, regionlarda gənclərin elmi və vətəndaş təşəbbüslərini dəstəkləyən yeni maarifləndirici proqramlar hazırlanır. Həmçinin, gənclərin tədqiqat bacarıqlarını inkişaf etdirəcək təşəbbüslər və motivasiya yönümlü layihələr planlaşdırılır.
Çıxış edən gənclər – Zeynəb İbrahimova, İlqar Abdullazadə, Məryəm İbrahimova, Rəşad Quliyev öz sahələrində gənclərə dəstəyin inkişaf üçün böyük imkan yaratdığını bildiriblər. Yazar Kamran Orucov və dilçi alim Mətanət Xudiyeva mədəniyyətin və milli kimlik dəyərlərinin gənclər arasında təbliğinin zəruriliyini vurğulayıblar. Onlar həmçinin gənclərin intellektual mühitə daha geniş qoşulmasının milli düşüncə tərzinin güclənməsinə ciddi töhfə verəcəyini qeyd ediblər. Onlar belə görüşlərin gənclərin fikirlərinin birbaşa eşidildiyi və diqqətə alındığı vacib dialoq mühiti yaratdığını vurğulayıblar.
Görüşün sonunda gənclərin elmi və analitik fəaliyyətini gücləndirmək məqsədilə “Elmi Gənclər Klubu”nun təsis olunduğu elan edilib. Gənclər bu təşəbbüsü böyük maraq və yüksək motivasiya ilə qarşılayıblar.
Firuzə











