Aliment ödəməyənlər cəzalandırılacaq?

  • Müəllif: Ayshan
  • 23 Dekabr 2025 20:25

Rusiyada aliment öhdəliklərini yerinə yetirməyən şəxslərlə bağlı yeni mexanizm tətbiq olunmağa başlayıb. Belə ki, aliment borcu olan və barəsində inzibati və ya cinayət tədbirləri görülmüş şəxslərin, eləcə də axtarışda olan borcluların məlumatları hüquq-mühafizə orqanlarının təqdim etdiyi məlumatlar əsasında açıq reyestrdə yerləşdiriləcək. Bu addım məsuliyyətsiz valideynlərə qarşı ictimai nəzarətin və sosial təzyiqin gücləndirilməsini hədəfləyir.

Bu fonda oxşar yanaşmanın Azərbaycanda da tətbiq olunub-olunmaması məsələsi müzakirə predmetinə çevrilib. Mövzu ilə bağlı hüquqşünas Anar Qasımlı Gununsesi.info-ya açıqlamasında bildirib ki, nəzəri baxımdan bunun üçün qanunvericilikdə dəyişikliklər edilə bilər. Lakin o, belə bir praktikanın problemin köklü həllinə xidmət etmədiyini düşünür.

Hüquqşünasın sözlərinə görə, alimentin ödənilməməsi məsələsi yalnız adların ictimaiyyətə açıqlanması ilə aradan qalxmayacaq:

“Belə bir yanaşma problemin həllindən daha çox, insanın şərəf və ləyaqətinə zərər vurmaq riski daşıyır. Bundan əlavə, bu cür siyahılar uşaqlar üçün də mənfi psixoloji təsir yarada bilər. Heç bir uşaq valideyninin adının xoşagəlməz bir reyestrdə yer almasını istəməz”, – deyə Anar Qasımlı vurğulayıb.

Onun fikrincə, aliment öhdəliklərinin icrasına nəzarət mexanizmləri gücləndirilməli, lakin bu proses uşaqların və ailə institutunun maraqlarına zidd formada aparılmamalıdır.

Ayşən

Gununsesi.info