Məlhəm hospitalda baş verən hadisənin yeni detalları məlum oldu - Ulucay Akif açıqlayır...

  • Müəllif: Orxan
  • 05 Fevral 2026 15:10

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl şair, Kulis.az saytının baş redaktoru Ulucay Akif bacısının yeni doğulmuş övladı və “Məlhəm” hospitalla bağlı paylaşım etmiş, şikayətini bildirmişdi. 

Hazırda məsələ ilə bağlı yeni detallar məlum olub. 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ulucay Akif verib.

O, bacısının övladınən sağlamlıq vəziyyəti ilə bağlı deyib:

“Uşaq artıq üç aydan çoxdur evə buraxılıb və biz hələ də onun müalicəsinə davam edirik. Həkimlər bu müalicənin uzun illər davam edəcəyini deyir və ən pisi odur ki, heç bir həkim uşağın sağlamlığına tam qovuşacağını demir. Bizim də əlimizdən gələn səbirlə gözləməkdir. Xəstəxana-həkim və ev arasında çox pis bir qaça-qaçda qalmışıq. Fizioterapevtlər, pediatrlar, müayinələr, dərmanlar… Əlbəttə ki, hamı bu prosedurlara necə böyük xərclər çəkildiyini bilir. Bu müddət ərzində 25 min manatdan çox pul xərcləmişik, bu xərcləri qarşılamaq üçün bankdan kredit götürmüşük”.

Ulucay Akif eyni zamanda bildirib:

“Məlhəm” hospitalı bizi məhkəməyə verib və xəstəxanaya borcumuzun olduğunu iddia edir. Əvvəlcədən deyim ki, biz elə bu hadisə baş verən vaxt həkim səhlənkarlığına görə prokurorluğa şikayət etmişik və hazırda o işə baxılır. “Məlhəm” hospitalının etdiyi isə, şübhəsiz, qabaqdangəlmişlik etməkdən başqa bir şey deyil. Xəstəxana məhkəməyə müraciətində bizim doğuş üçün ödəniş etmədiyimizi iddia edir. Halbuki doğuş üçün etdiyimiz ödənişin qəbzləri də əlimizdədir və məhkəməyə təqdim etmişik”.

O cümlədən Ulucay Akif ödəniş etməmək məsələsinə də aydınlıq gətirib:

“Doğuşdan sonra körpənin bir aya yaxın xəstəxanada qaldığı müddət üçün ödəniş etmədik və bunun səbəbini də bildirdik: biz bu hadisəyə səbəbkar həkimi və dolayısıyla xəstəxananı görürük, o səbəbdən ödəniş etməyəcəyik əlavə qaldığı günlər üçün. Bu problem işıqlandırılandan sonra xəstəxana rəhbərliyi də, həkimin özü də həm media qarşısında, həm də sosial şəbəkə hesablarındakı paylaşımda bizdən heç bir ödəniş tələb etməyəcəklərini dilə gətiriblər. Həkim Pərvin Xəlilova da bu haqda video çəkib paylaşmışdı öz səhifəsində. Tam təmənnasız xidmət göstərəcəklərini bildirmişdi. Bu, elə səhvin özlərində olduğunu qəbul etmək idi. Amma biz prokurorluğa müraciət etdikdən sonra belə iddia qaldırıblar. Həmin videoları da dəlil kimi məhkəməyə təqdim etmişik”.

Hospital iddia edir ki, ailənin 14 min manat borcu var:

“Məlhəm hospitalı bizim onlara 14 min borcumuzun olduğunu iddia edir, amma biz onların bizə yaratdığı problemə görə artıq 25 min manatdan çox pul xərcləmişik və bu xərclərimizin də qəbzlərini məhkəməyə təqdim etmişik. Bizə bu cür mənəvi problem yaradan xəstəxana, indi də əlavə maddi problem yaratmağa çalışır. Bu isə vicdansızlıqdan başqa bir şey deyil. Ən yaxşı halda belə adlandırmaq olar. Həkim səhlənkarlığına dəlil kimi faktları prokurorluğa da, məhkəməyə də təqdim etmişik. Məsələn, təbii doğuş gerçəkləşdiriləndən sonra bacıma guya özü qeysəriyyə əməliyyatından imtina etdiyini bir kağız parçasına yazdırıb imzaladıblar. Həmin kağız parçasını özümüz mətbuatda işıqlandırılmışıq və kağızın altında göstərilən tarix də əməliyyatdan bir gün sonranın tarixidir. Həmçinin doğuşdan dərhal sonra uşağın səhətində olan problemi aradan qaldırmaq üçün orada pediatr həkim olmamış, uşağa ilkin müdaxilə düzgün tətbiq edilməmişdir. Uşaq yalnız digər həkimlərin tələb etməsindən sonra 3 gün sonra kompyuter tomoqrafiyadan keçmişdir. Ananın dəfələrlə maraqlanmasına baxmayaraq, uşağın soyudulmasının (hipotermiya) həyata keçirilib-keçirilməməsi barədə məlumat verilmir. Bu isə ilk tibbi yardım üçün olduqca vacib müdaxilələrdindir. Həmçinin həkim Pərvin Xəlilovanın doğuşa gecikməsi, telefonla tibb bacısına göstəriş verərək bacıma ağrıkəsici kimi platfilin vurdurması da səhlənkarlıq göstəricilərindən biridir”, – deyə o əlavə edib.

Ulucay Akif son olaraq bildirib:

“Xəstəxana rəhbərliyinin bu qeyri-insani davranışını isə heç cür qəbullana bilmirəm. Yəni həkimlər, xəstəxanalar üçün insana münasibət budur? İnsan onlar üçün sadəcə ət parçasıdır? Sadəcə gəlir mənbəyidir? Sən həm kiminsə uşağını bu hala sal, ailəyə faciə yaşat, həm də bu heçnəymiş kimi bir də məhkəməyə verib əlavə pul almağa çalış? Puldan başqa dəyər yoxdu sizin üçün? Gecə başınızı yastığa necə rahat qoyub yatırsınız? Məni, həqiqətən də, çox təəccübləndirir, məyus edir belə şeylər. İnsana və insanlığa, həmçinin ölkəyə olan inamımı azaldır. Amma yenə də müvafiq hüquq orqanlarının bütün bu baş verənləri ədalətli qiymətləndirəcəyinə ümid edirəm və inanıram”.

Gununsesi.info