Razi Nurullayev: Paşinyanın qələbəsi sülh prosesinin davamı deməkdir

  • By Admin2
  • 05 İyun 2026 10:41

“Nikol Paşinyanın 7 iyun seçkilərində yenidən hakimiyyətə gəlməsi Azərbaycan üçün daha çox davamlılıq və ehtiyatlı optimizm vəd edir”.

Bu sözləri Gunumsesi.info-ya Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, həmçinin qeyd edib:

“Onun son illərdə apardığı siyasət göstərir ki, rəsmi İrəvan regionda uzunmüddətli sabitliyin yalnız sülh sazişi ilə mümkün olduğunu qəbul etməyə başlayıb. Bu baxımdan, Paşinyanın qalib gəlməsi danışıqlar prosesinin kəsilməməsi və mövcud sülh gündəliyinin qorunması deməkdir”.

Razi Nurullayevin sözlərinə görə, Azərbaycan üçün əsas qazanc ehtimalı ondan ibarətdir ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması daha real müstəviyə keçəcək:

“Paralel olaraq nəqliyyat xətlərinin açılması, iqtisadi əlaqələrin qurulması və regionda əməkdaşlıq imkanlarının genişlənməsi üçün zəmin yaranar. Bu isə həm təhlükəsizlik risklərini azalda, həm də iqtisadi layihələrin daha rahat həyata keçirilməsinə şərait yaradar. Lakin prosesin asan olacağını demək düzgün olmaz. Ermənistan daxilində Paşinyana qarşı ciddi siyasi təzyiq mövcuddur və xüsusilə Azərbaycanla kompromis məsələlərində müqavimət güclüdür. Bu səbəbdən o, seçkidə qalib gəlsə belə, atacağı addımlar daxili siyasi balansdan asılı olacaq və proses müəyyən qədər ləngiyə bilər”.

Parlamentari son olaraq qeyd edib:

“Ümumilikdə isə Paşinyanın hakimiyyətdə qalması Azərbaycan üçün ən azı dialoqun davam etməsi, gərginliyin nəzarətdə saxlanması və sülh ehtimalının masada qalması deməkdir. Bu mərhələdə əsas məsələ təkcə seçkinin nəticəsi deyil, onun sonrasında formalaşacaq siyasi güc balansıdır”.

Qeyd edək ki, 2026-cı ilin 7 iyun tarixində Ermənistanda seçkilər keçiriləcək. Bu seçki 2023-cü ildə Qarabağ ermənilərinin Ermənistana təxliyəsindən sonrakı ilk Ermənistan seçkiləri olacaq.

Orxan

Gunumsesi.info