Xəbər verdiyimiz kimi, 2026-cı ilin 7 iyun tarixində Ermənistanda seçkilər keçiriləcək.
Bu seçki 2023-cü ildə Qarabağ ermənilərinin Ermənistana təxliyəsindən sonrakı ilk Ermənistan seçkiləri olacaq.
Bu seçkilər geosiyasi nöqteyi-nəzərindən vacibdir.
Çünki seçkilərdə iştirak edən hakimiyyət Qərb yönümlüdür və Azərbaycanla münasibətləri düzəltmək istəyir, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.
Müxalifət isə daha çox Rusiya tərəfdarıdır, Paşinyanı Qarabağ siyasətinə görə tənqid edir.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Ermənistanda keçiriləcək istənilən seçki ilk növbədə erməni xalqının öz seçimidir.
“Ancaq qonşu ölkədə baş verən siyasi proseslərin Azərbaycan ictimaiyyətində də maraq doğurması tamamilə başadüşüləndir. Xüsusilə də uzun illər regionun təhlükəsizliyinə təsir göstərmiş münaqişədən sonra. Azərbaycanda tez-tez belə bir fikir səslənir ki, Nikol Paşinyanın hakimiyyətdə qalması region üçün daha məqsədəuyğun variantdır. Bunun səbəbi sadədir. Paşinyan hakimiyyətə gəldiyi ilk illərdə fərqli mövqelər nümayiş etdirsə də, sonrakı dövrdə yaranmış geosiyasi reallıqları qəbul etmək məcburiyyətində qaldı. Bu gün onun siyasi kursunda Ermənistanın regional təcriddən çıxarılması, iqtisadi inkişafı, xarici siyasətdə daha balanslı mövqe tutması və ölkəsinin rifahını yüksəltməsi əsas prioritetlərdən biri kimi görünür”,- deyə o qeyd edib.
Akimova həmçinin bildirib:
“Eyni zamanda, Paşinyan Ermənistanı ənənəvi asılılıq münasibətlərindən qismən uzaqlaşdırmağa, daha müstəqil siyasi xətt formalaşdırmağa çalışır. Bu siyasətin nə dərəcədə uğurlu olacağı ayrıca müzakirə mövzusudur, lakin onun əsas məqsədinin Ermənistanı yeni qarşıdurmalara deyil, iqtisadi və siyasi sabitliyə yönəltmək olduğu görünür. Digər tərəfdən, Azərbaycanda bəzən “Paşinyan getsə, Qarabağ məsələsi yenidən gündəmə qayıda bilərmi?” sualı səslənir. Əslində, burada daha fundamental bir sual ortaya çıxır: hansı Qarabağ məsələsindən söhbət gedir? Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib. Bu, artıq beynəlxalq səviyyədə qəbul olunan siyasi və hüquqi reallıqdır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu məsələnin hüquqi müstəvidə həlli başa çatıb. Ona görə də Ermənistan daxilində hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bölgədə yaranmış yeni reallıqları dəyişdirmək imkanları son dərəcə məhduddur. Bəzən revanşist çağırışlar eşidilir, keçmişə qayıtmaq istəyən qüvvələr meydana çıxır. Lakin XXI əsrin geosiyasi reallıqları emosiyalarla deyil, güc balansı, beynəlxalq hüquq və regional maraqlarla müəyyən olunur. Ermənistan cəmiyyəti də yaxşı anlayır ki, yeni qarşıdurmalar ölkəyə nə rifah, nə təhlükəsizlik, nə də inkişaf gətirəcək”.
Parlamentari vurğulayıb ki, bu gün regionun ehtiyacı yeni müharibələr deyil, yeni yolların açılması, iqtisadi əlaqələrin genişlənməsi, sərhədlərin sabitlik məkanına çevrilməsidir. Ermənistanın da gələcəyi məhz bu seçimdən keçir:
“Atalarımızın bir sözü var: “Milçək bir şey deyil, adamın könlünü bulandırır.” Regionda sülhə mane olmaq istəyən revanşist çağırışlar da təxminən buna bənzəyir. Onlar zaman-zaman informasiya məkanında səs-küy yarada bilərlər, amma tarix artıq öz hökmünü verib və bölgədə yeni reallıq formalaşıb. Ümid edirəm ki, Ermənistan seçicisi də qərar verərkən keçmişin emosiyalarına deyil, gələcəyin maraqlarına üstünlük verəcək. Çünki Cənubi Qafqazın sabitliyi yalnız bir ölkənin deyil, bütün region xalqlarının rifahı və təhlükəsizliyi deməkdir. Hərçənd biz erməni məkrliyini də heç vaxt yaddan çıxarmamalıyıq”,- deyə o, son olaraq bildirib.
Orxan












