“Rusiya köhnə təhlükəsizlik modelindən uzaqlaşır”

“Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında sazişlərə yenidən baxılması barədə verdiyi göstəriş Moskvanın yeni geosiyasi və təhlükəsizlik reallığını qəbul etməsinin başlanğıcı hesab oluna bilər”.

Gununsesi.info bildirir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Məsələ bundan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi postsovet məkanında Rusiyanın əvvəlki təsir mexanizmlərində və təhlükəsizlik arxitekturasında ciddi şəkildə dəyişikliklər edilməsini şərtləndirdi. Əvvəllər Kremlin təhlükəsizlik məkanında olan postsovet dövlətləri hazırda bu məkanın artıq milli təhlükəsizliklərinə tam təminat vermədiyini, əksinə yeni təhdidlər yaratdığını görüb daha müstəqil davranmağa, özləri üçün yeni təhlükəsizlik məkanı axtarmağa çalışırlar. Mərkəzi Asiyanın postsovet dövlətləri, xüsusən də Qazaxıstan və Özbəkistan artıq təkcə Rusiyanın deyil, Çinin, Türkiyənin, ABŞ-ın, Avropa İttifaqının və Körfəz ölkələrinin də əməkdaşlıq təkliflərini diqqətlə qiymətləndirir və yeni əməkdaşlıq modellərindən yararlanmağa çalışırlar. Bu isə Rusiyanı köhnə mexanizmlərdən imtina etməyə məcbur edir.

Bu baxımdan Rusiyanın son addımlarını yalnız KTMT kontekstində qiymətləndirmək kifayət etmir. Əslində Kreml sovetdənqalma təhlükəsizlik modelindən tədricən uzaqlaşır. Uzun illər Moskvanın əsas yanaşması vahid təhlükəsizlik məkanı yaratmaq idi. Bu modeldə KTMT hərbi, Avrasiya İqtisadi İttifaqı isə iqtisadi inteqrasiyanın əsas sütunu hesab olunurdu.

Lakin son illərin hadisələri göstərdi ki, postsovet məkanı artıq vahid siyasi məkan deyil. Hər bir dövlət öz milli maraqlarına uyğun çoxşaxəli xarici siyasət yürüdür. Belə şəraitdə kollektiv təhlükəsizlik modeli əvvəlki səmərəliliyini itirir.

Vaxtilə postsovet məkanının əsas hərbi ittifaqı kimi təqdim olunan KTMT bu gün əvvəlki siyasi çəkisini hiss olunacaq dərəcədə itirib. Ermənistanın faktiki olaraq təşkilatdan uzaqlaşması bunun ən bariz nümunəsidir. İrəvanın narazılığı təkcə bir ölkənin mövqeyi deyil, həm də KTMT modelinin dəyişən geosiyasi reallıqlara cavab verməkdə çətinlik çəkdiyini göstərdi.

Ona görə də Rusiya kollektiv mexanizmlərdən daha çox ikitərəfli əməkdaşlıq formatına üstünlük verməyə başlayır. Çünki ikitərəfli münasibətlər daha çevikdir, daha az siyasi risk daşıyır və tərəfdaşların maraqlarına uyğun şəkildə yenilənə bilir.

Digər tərəfdən, Mərkəzi Asiya regionunda yeni geosiyasi reallıqlar modeli formalaşır. Rusiya təhlükəsizlik komponentləri ilə regionda qalmağa, Çin iqtisadi gücü ilə yerini möhkəmləndirməyə, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının institusional mexanizmlərini yaratmağa, Avropa İttifaqı enerji və nəqliyyat-logistika xətlərinin təhlükəsizliyi baxımından regionda iştirakını genişləndirməyə çalışır.

Məhz buna görə Rusiya yeni yanaşmaya, daha çevik modellərə keçməyə çalışır. Burada vahid ittifaqdan daha çox ikitərəfli və ya kiçik formatlı əməkdaşlıq mexanizmləri ön plana çıxır. Qazaxıstan, Özbəkistan, Belarus və digər tərəfdaşlarla fərqli səviyyədə təhlükəsizlik münasibətləri qurmaq Moskva üçün daha praktik görünür. Bu yanaşma Rusiyaya resurslarını daha məqsədyönlü bölüşdürməyə, tərəfdaş ölkələrə isə daha geniş siyasi manevr imkanları saxlamağa şərait yaradır”.

 

 

Şəbnəm

Gununsesi.info