“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatının rəhbəri Fikrət Cəfərli Gununsesi.info-ya açıqlamasında ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti, hüquq müdafiəçiliyinin mahiyyəti, siyasi məhbus problemi və penitensiar müəssisələrdə müşahidə etdiyi hallarla bağlı fikirlərini bölüşüb.
Fikrət Cəfərli bildirib ki, hüquq müdafiə təşkilatının əsas vəzifəsi ilk növbədə hüququn özünü qorumaq, daha sonra isə Konstitusiya və qanunvericiliyin verdiyi hüquqlar çərçivəsində vətəndaşların hüquqlarını müdafiə etməkdir.
Onun sözlərinə görə, hüquq müdafiəçisinin fəaliyyəti yalnız ayrı-ayrı şəxslərin müdafiəsi ilə məhdudlaşmamalı, eyni zamanda hüququn aliliyinin və demokratik dəyərlərin qorunmasına xidmət etməlidir.
O qeyd edib ki, hüquq müdafiəçisinin statusu, mandatı və fəaliyyət prinsipləri beynəlxalq sənədlərlə müəyyən edilsə də, ölkədə bu prinsiplərin tətbiqi zamanı çətinliklər olur.
Mərkəz rəhbəri bildirib ki, Azərbaycanda insan hüquq və əsas azadlıqlarının vəziyyəti çox da ürəkaçan deyil.
Onun sözlərinə görə, qanunsuz həbslər, işgəncə, qeyri-insani rəftar, ictimai fəalların uzunmüddətli azadlıqdan məhrum edilməsi və hüquqa əsaslanmayan məhkəmə qərarları narahatlıq doğuran hallardır.
Fikrət Cəfərli hesab edir ki, mövcud problemlərin aradan qaldırılması üçün ciddi hüquqi və institusional islahatlara ehtiyac var.
O bildirib ki, siyasi islahatlar və real addımlar atılacağı təqdirdə müəyyən müsbət nəticələr əldə etmək mümkündür.
Hüquq müdafiəçisi Fikrət Cəfərli iki dəfə siyasi məhbus həyatı yaşadığını, sonuncu dəfə isə Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığını bildirib.
O qeyd edib ki, həbsinin siyasi motivli olduğunu hesab edir.
Cəfərlinin sözlərinə görə, məhkəmə prosesi zamanı bəzi şahidlərə təzyiqlər göstərildiyi və onların prosesdə iştirakdan çəkindirildiyi barədə müşahidələri olub.
Fikrət Cəfərli cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə bağlı narahatlıqlarını da dilə gətirib.
O bildirib ki, müəssisələrdə işgəncə və qeyri-insani rəftar halları, antisanitar şərait, eləcə də məhkumların bəzi hüquqlarının təmin olunması ilə bağlı problemlərin mövcud olduğunu müşahidə edib.
Onun sözlərinə görə, telefon danışıqları, poçt xidmətindən istifadə və bəzi ərzaq təminatı ilə bağlı da nöqsanlar mövcuddur.
Fikrət Cəfərli qeyd edib ki, penitensiar müəssisələrdə baş verən proseslər üzərində ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var və qanun pozuntuları ilə bağlı müraciətlərin obyektiv araşdırılmasının vacib olduğunu düşünür.
O bildirib ki, qaldırdığı məsələlərlə bağlı Prezidentin köməkçiləri Fuad Ələsgərov və Hikmət Hacıyevin qəbuluna düşmək üçün müraciət edib.
Cəfərlinin sözlərinə görə, Fuad Ələsgərovla insan hüquqları, hüquq-mühafizə orqanlarının fəaliyyəti, penitensiar müəssisələrdəki vəziyyət və ictimai monitorinqlərin aparılması məsələlərini, Hikmət Hacıyevlə isə vətəndaş cəmiyyətinin mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşmək istəyib.
Mərkəz rəhbəri sonda bildirib ki, gələcəkdə bu məsələlərlə bağlı dövlət başçısına da müraciət etməyi planlaşdırır.











