Vətəndaş Mobifon mağazalar şəbəkəsinin xidmətindən narazıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, iyulun 20-də Mobifon mağazalar şəbəkəsindən 200 manat ilkin ödəniş etməklə 15 aylıq kreditlə 128 GB yaddaşa malik iPhone 15 alıb. Vətəndaş iddia edir ki, alış zamanı ona qəbz təqdim olunmayıb, müqavilə nömrəsi verilməyib və ilkin ödəniş kartdan karta köçürmə yolu ilə həyata keçirilib.
O bildirib ki, telefon anasının adına rəsmiləşdirilib. Mağaza əməkdaşları kredit ödənişində gecikmə olacağı təqdirdə cihaza məhdudiyyət qoyulacağını desələr də, məhsul təhvil alındıqdan sonra telefonun mağaza tərəfindən yaradılmış “iCloud” hesabına bağlı olduğunu öyrənib. Vətəndaşın sözlərinə görə, bu səbəbdən o, öz hesabından istifadə edə və telefonu sərbəst şəkildə sıfırlaya bilməyib:
“Ayın 20-si Mobifon mağazalar şəbəkəsindən 15 aylıq kreditlə, ümumi qiyməti 2825 manat olan iPhone 15 (128 GB) almışam. 200 manat ilkin ödəniş etmişəm. Bizə qəbz təqdim olunmayıb və müqavilə nömrəsi yoxdur. İlkin ödənişi kartdan karta köçürmə ilə etmişik. Telefon anamın adına alınıb. Mağazada anama bildiriblər ki, aylıq ödəniş geciksə, telefona mağaza tərəfindən məhdudiyyət qoyulacaq. Lakin telefon mənə çatdırıldıqdan sonra öyrəndim ki, mağaza öz adına iCloud hesabı açıb və həmin hesabın kodu bizə verilməyib. Mən öz iCloud hesabıma daxil ola bilmədim. Telefonu sıfırlamaq istəyəndə isə mağaza əməkdaşlarının qoyduğu ekran şifrəsi tələb olundu. Məhsulu geri qaytarmaq istədiyimi bildirsəm də, bunun mümkün olmadığını dedilər. Şəxsi məlumatlarımın başqa şəxslərin nəzarətində olması məni narahat edir. Mağazaya yenidən yaxınlaşdım, daha sonra hesabın şifrəsini mənə bildirdilər. Rəsmi elektron poçt ünvanlarına da müraciət etdim, lakin aldığım cavab məni qane etmədi. Düşünürəm ki, məsələ qəsdən uzadılır ki, 14 günlük geri qaytarma müddəti başa çatsın. Mən isə məhsulu geri qaytarmaq istəyirəm. Mən aldandım, siz aldanmayın. Heç də yaxşı mağaza deyil”.
Afət











