Aşağı və orta gəlirli insanın 3-4 min manatlıq telefonu kreditə götürməsi ilk baxışdan iqtisadi baxımdan paradoks kimi görünür.
Adamın maaşı məsələn 700-1000 manatdırsa, niyə aylıq gəlirinin əhəmiyyətli hissəsini telefonun ödənişinə bağlayır?
Çünki burada telefon funksional əşyadan sosial status əşyasına çevrilir.
Adam telefon almır, müəyyən mənada özünə “mən də bacarıram”, “mən də aşağıda deyiləm”, “mənim də nəyim isə var” hissini satın alır.
Ən maraqlı məqam isə budur ki, kredit bu illüziyanı mümkün edir.
Kredit insanın yoxsulluğunu aradan qaldırmır, sadəcə bahalı istehlakı onun gəlirinə uyğun hissələrə bölür.
Bəs niyə insan buna razı olur?
Burada ən azı 5 səbəb var.
1)Status ehtiyacı
İnsanlar özlərini başqaları ilə müqayisə edirlər. Telefon isə bunun ən görünən vasitələrindən biridir. Maşını hamı görmür. Evini hamı görmür. Bank hesabını heç kim görmür. Amma telefon əldədir. Ona görə iPhone həm texnologiya, həm də sosial simvoldur.
2)Mən də geri qalmamalıyam psixologiyası
Yeni model çıxanda əvvəlki telefon birdən-birə köhnə görünməyə başlayır. Halbuki texniki baxımdan bir il əvvəl alınmış telefon hələ kifayət qədər müasir ola bilər. Burada ehtiyac yox, yenilənmə təzyiqi işləyir.
3)Sosial şəbəkələr
Instagram, TikTok və digər platformalar insanın həyatını başqasının həyatının vitrinində göstərir. İnsan gündə yüz dəfə başqasının yeni telefonunu, avtomobilini, restoranını, səyahətini görür. Nəticədə öz həyatını da həmin standartla ölçməyə başlayır.
4)Kredit mədəniyyəti
Əvvəllər insanın “3 500 manatım yoxdur” deməsi kifayət idi.
İndi satıcı deyir: “3 500 manatın olmasına ehtiyac yoxdur. Ayda 199 manatın olsun”.
Bu, istehlak davranışını kökündən dəyişir.
5)Gəlir artmadan istehlak standartının yüksəlməsi
Bəlkə də, ən ciddi məsələ budur. İnsan öz gəlirinin artmasını gözləmir, gəlir artmadan həyat standartını yüksəltmək istəyir. Və kredit bu ikisi arasındakı boşluğu doldurur.
Amma burada bir məsələyə də diqqət etmək lazımdır. Növbədə dayanan hər kəsi “maaşı aşağı olan, özünü göstərmək istəyən insan” kimi təsnif etmək düzgün olmaz. Orada yüksək gəlirli adam da ola bilər, telefonu iş üçün istifadə edən də, sadəcə texnologiya həvəskarı olan da.
Ona görə tənqidin hədəfi insanın özü yox, bu istehlak modelidir.
Çünki daha maraqlı sual budur ki, niyə insan 700-1000 manatlıq maaşla 3 600 manatlıq telefonu “normal” hesab etməyə başlayıb?
.Problem Bakıda insanların iPhone 18 almağında deyil. Problem odur ki, bir insan öz maaşı ilə ala bilməyəcəyi şeyi kreditlə alanda bunu artıq normal həyat standartı hesab etməyə başlayır.
Və bunun ardınca daha sərt sual gəlir:
Biz niyə qazancımızı artırmaqdan çox, qazancımız çatmayan şeyləri kreditlə almağa öyrəşmişik?
Elmar











