Startaplara, kraudfandinqə və vençur investisiyalarına yeni vergi güzəştləri veriləcək
Gununsesi.info xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Miqrasiya Məcəlləsində” və digər qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, startapların maliyyələşdirilməsini təşviq etmək, innovativ bizneslərin investisiya imkanlarını genişləndirmək və risk kapitalı bazarını inkişaf etdirmək məqsədilə vergi qanunvericiliyinə bir sıra yeni güzəştlərin əlavə edilməsi nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, kraudfandinq platformaları vasitəsilə əldə edilən səhmlər üzrə dividend gəlirləri və həmin səhmlərin satışından əldə olunan gəlirlər müəyyən şərtlərlə vergidən azad ediləcək. Bununla yanaşı, vençur kapitalı fondlarının investisiya fəaliyyətindən əldə etdikləri mənfəət və dividend gəlirlərinə də vergi güzəştlərinin tətbiqi təklif olunur.
Qanun layihəsində startap şəhadətnaməsi almış hüquqi şəxslərə investisiya yatıran fiziki və hüquqi şəxslər üçün də yeni vergi stimulları nəzərdə tutulur. Belə ki, müəyyən edilmiş şərtlər daxilində bu investisiyalara yönəldilən vəsaitlərin vergitutulan gəlirdən çıxılması mümkün olacaq. Bunun startaplara özəl investisiyaların həcmini artıracağı və innovativ layihələrin maliyyələşməsini sürətləndirəcəyi gözlənilir.
Layihə ilə, həmçinin gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya olunan borc müqavilələri üzrə ilk dəfə vergi mexanizmləri müəyyən edilir. Bu maliyyə alətlərindən istifadə zamanı yaranan vergi öhdəliklərinin hesablanması və tətbiqi qaydaları dəqiqləşdirilir ki, bu da investorlar və startaplar üçün hüquqi və maliyyə risklərinin azalmasına xidmət edəcək.
Qanun layihəsinin məqsədi startap ekosisteminin inkişafını sürətləndirmək, innovativ sahibkarlığa yatırılan investisiyaları artırmaq, vençur kapitalı bazarını genişləndirmək və alternativ maliyyələşmə mexanizmlərinin tətbiqini stimullaşdırmaqdır.












