Bu həftə 41 mindən çox abituriyent imtahanı verəcək

  • By Admin2
  • 01 İyul 2026 14:49

İyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Lənkəran, Masallı, Quba, Xaçmaz və digər şəhər və rayonlar da daxil olmaqla ümumilikdə 25 şəhər və rayonda təşkil olunacaq.

İmtahanlarda II ixtisas qrupu üzrə 18 908, III ixtisas qrupu üzrə isə 22 714 nəfər olmaqla, ümumilikdə 41 622 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanların təşkili üçün 172 imtahan binası və 3074 zal ayrılıb. Prosesə 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı və 172 bina nümayəndəsi cəlb ediləcək.

DİM abituriyentlərin diqqətinə çatdırıb ki, imtahan saat 10:00-da başlayacaq. Buraxılış rejimi isə saat 09:45-də başa çatacaq və bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. Abituriyentlərə imtahan binasına “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda gəlmək tövsiyə olunur.

Qeyd edilib ki, iştirakçılar imtahana “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkilli və möhürlə təsdiqlənmiş arayış gətirməlidirlər.

İmtahanda 67 sağlamlıq imkanları məhdud abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyətli iştirakçılar üçün fərdi nəzarətçilər təyin olunub, hərəkət məhdudiyyəti olan şəxslər üçün isə zəruri şərait yaradılıb.

Dövlət İmtahan Mərkəzi bildirib ki, hazırda imtahan keçiriləcək şəhər və rayonlarda hazırlıq işləri davam etdirilir. Təhlükəsizlik məqsədilə iyulun 4-də imtahan mərkəzlərinə yenidən baxış keçiriləcək, zallar və giriş-çıxış qapıları möhürlənərək Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Gununsesi.info