İyulun 5-də ATƏT Parlament Assambleyasının Haaqada keçirilən 33-cü İllik Sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin iclası keçirilib. İclas ATƏT PA-nın sosial şəbəkə platformaları vasitəsilə canlı yayımlanıb.
Gununsesi.info xəbər verir ki komitənin sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq bildirib ki, dünya hazırda dərin qeyri-müəyyənlik və sürətli geosiyasi, iqtisadi, texnoloji və ekoloji dəyişikliklər dövrünü yaşayır. Onun sözlərinə görə, Ukraynada davam edən müharibə, Yaxın Şərqdə artan gərginlik, qlobal ticarətdə parçalanma meyilləri, iqlim dəyişikliyinin yaratdığı fəsadlar və süni intellektin sürətli inkişafı beynəlxalq təhlükəsizlik sistemi üçün yeni çağırışlar formalaşdırır.
Azay Quliyev vurğulayıb ki, bu şəraitdə iqtisadi təhlükəsizlik, enerji dayanıqlılığı, etibarlı nəqliyyat və logistika marşrutları, rəqəmsal idarəetmə, süni intellektin məsuliyyətli tətbiqi və iqlim dayanıqlılığı artıq bir-birindən ayrı deyil, təhlükəsizliyin ayrılmaz tərkib hissələrinə çevrilib.
Deputat çıxışında Komitənin son bir il ərzində həyata keçirdiyi fəaliyyətə də toxunub. O bildirib ki, İstanbulda keçirilən Payız Toplantısında qaydalara əsaslanan qlobal ticarət, etibarlı bağlantılar və dayanıqlı inkişaf məsələləri müzakirə olunub. Qış Toplantısında isə geoiqtisadiyyat, texnologiya və təhlükəsizlik mövzusunda keçirilən debatlarda strateji texnologiyalar, süni intellekt və kritik resurslar uğrunda artan rəqabətin beynəlxalq münasibətlərə təsiri diqqət mərkəzində olub.
Azay Quliyev qeyd edib ki, Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində təşkil olunan Parlament Dəyirmi Masasında iştirak su ehtiyatlarının səmərəli idarə olunması, transsərhəd əməkdaşlıq və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində parlament diplomatiyasının rolunun gücləndirilməsinə töhfə verib.
Onun sözlərinə görə, Komitə ATƏT-in icraedici strukturları ilə əməkdaşlığını da genişləndirib. Bu çərçivədə Vyanada keçirilən İqtisadi və Ətraf Mühit Ölçüsü üzrə Tətbiq Toplantısında yerli icmaların təbii və texnogen fəlakətlərə qarşı dayanıqlılığının artırılması ilə bağlı təkliflər təqdim olunub.
Komitənin gələcək fəaliyyət planlarından danışan Azay Quliyev bildirib ki, növbəti dövrdə COP31 çərçivəsində fəal iştirak, Haaqa Sessiyasında qəbul ediləcək siyasi nəticələrin ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsində təqdim olunması, eləcə də gənclər arasında media və informasiya savadlılığını təşviq edən “School Dialogues Initiative” layihəsinin genişləndirilməsi əsas prioritetlərdən olacaq.












