Azərbaycanda kişi sonsuzluğu ilə bağlı müraciətlərin artması reproduktiv sağlamlıq sahəsində yeni addımların atılmasını zəruri edir. Androloqlar hesab edirlər ki, bu sahədə istifadə olunan bir sıra genetik və xüsusi reproduktiv analizlərin İcbari Tibbi Sığorta xidmətlər zərfinə daxil edilməsi həm vətəndaşların maliyyə yükünü azalda, həm də sonsuzluğun daha erkən diaqnostikasına şərait yarada bilər.
Hazırda kişi sonsuzluğunun səbəblərinin müəyyən edilməsi üçün yalnız hormonal analizlər və spermoqramma kifayət etmir. Bir çox hallarda daha dərin diaqnostikaya ehtiyac yaranır. Bu zaman genetik və xüsusi reproduktiv analizlər həkimlərin dəqiq diaqnoz qoymasına, uyğun müalicə üsulunu seçməsinə və lazım gəldikdə köməkçi reproduktiv texnologiyaların planlaşdırılmasına kömək edir.
Lakin həmin analizlərin əksəriyyəti yüksək qiymətə başa gəldiyi üçün çox sayda ailə onları etdirməkdə çətinlik çəkir. Bu isə diaqnozun gecikməsinə, əlavə xərclərə və müalicə prosesinin uzanmasına səbəb olur.
Androloqların fikrincə, aşağıdakı genetik analizlərin İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi məqsədəuyğun hesab olunur:
CFTR gen analizi, Kariotip analizi, Y xromosom mikrodelesiya analizi, FISH (sperm xromosom analizi), Sperm aneuploidiya testi.
Bununla yanaşı, aşağıdakı xüsusi reproduktiv analizlərin də sığorta çərçivəsində əlçatan olması təklif edilir:
Sperma DNT fraqmentasiyası, MAR test (IgG və IgA), HBA test, ORP/MiOXSYS (oksidativ stress), ROS testi, Akrosom reaksiya testi, İnhibin B, Post-ejakulyator sidik analizi, Sink və limon turşusu analizi, Neytral alfa-qlükozidaza, Fruktoza analizi.
Androloqlar bildirirlər ki, bu müayinələr kişi sonsuzluğunun səbəblərinin dəqiq müəyyən edilməsində mühüm rol oynayır. Onların nəticələri əsasında daha düzgün müalicə taktikası seçilə, lazımsız müayinələrin sayı azaldıla və uğurlu müalicə ehtimalı artırıla bilər.
Bu analizlərin İcbari Tibbi Sığorta xidmətlər zərfinə mərhələli şəkildə daxil edilməsi vətəndaşların maddi yükünü azaltmaqla yanaşı, reproduktiv sağlamlıq xidmətlərinə çıxışı genişləndirə və ölkədə sonsuzluqla mübarizə istiqamətində görülən tədbirlərə əlavə dəstək verə bilər.
Qeyd edək ki, Səhiyyə Nazirliyi 2025-ci ildə genetik analizlərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınmasını təklif edib.
Vüsal Artyom












