İşsiz qalan 10 min müəllimin taleyi necə olacaq? - MƏŞĞULLUQ AGENTLİYİNDƏN AÇIQLAMA

Azərbaycanda müəllimlərin sertifikasiya imtahanları prosesi başa çatıb.

Nəticədə 10 minə yaxın müəllim bu imtahandan keçə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verilib.

Bununla da daha 10 min ali təhsilli vətəndaş işsizlər ordusuna qoşulub.

Bəs görəsən, hökumət o insanların gələcək əmək fəaliyyəti üçün nəsə düşünürmü?

Yoxsa, bu insanların həyatı da taleyin ümidinə buraxılacaqmı?

 

Məsələ ilə bağlı Gununsesi.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Dövlət Məşğulluq Agentliyinə sorğu göndərib.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sertifikatlaşdırma prosesində uğur qazanmadığına görə əmək müqaviləsinə xitam verilmiş müəllimlər Dövlət Məşğulluq Agentliyi tərəfindən dəvət olunaraq ilk növbədə işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar:

“Məşğulluq imkanları qiymətləndirilir və fərdi məşğulluq proqramları tərtib edilir.

Əmək bacarıqlarına uyğun vakansiyalar mövcud olan şəxslərə bu vakansiyalar üzrə göndərişlər verilməklə işlə təmin edilirlər.

Onlardan peşə və ya ixtisasına uyğun münasib iş yeri olmayan şəxslər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilirlər. Kursları bitirən şəxslərin bu kurslarda yiyələndikləri peşələr üzrə məşğuluğunun təminatına dəstək göstərilir.

Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatını qurmaq istəyən şəxslər isə bu proqrama cəlb edilmək üçün qeydiyyata alınırlar.

Sözügedən şəxslərin şəxslərin də fərdi məşğulluq proqramına uyğun olaraq digər məşğulluq tədbirlərinə cəlb olunmaları üçün işlər aparılır.

Həmçinin, onlardan bir qismi hazırda sosial müdafiə tədbirləri (pensiya və müavinət təminatı) ilə əhatə olunurlar”.

 

Günay Mahirqızı

Gununsesi.info