“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.
Gununsesi.info“Qaynarinfo”ya istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.
İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.
Bank bildirib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.
“Xalq Bank” gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Space TV”nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib.
Məhkəmə ərizəni qismən təmin edərək “Space TV”nin “Xalq Bank” istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.
Qərara əsasən, tətbiq edilən həbs işçilərin əməkhaqqılarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə məhdudiyyət yaratmır.












